Zöhrə Məhəmmədova – Yeni şeirlər
ÜRƏYİMDƏ MİN YARA VAR.
Nə gecəm var, nə gündüzüm,
Dünya, aləm başıma dar.
Daha qalmayıbdı dözüm,
Ürəyimdə min yara var.
Məni bürüyübdü heyrət,
Nədən azalıbdi qeyrət?
Yoxsa yoxdu bizdə qüdrət?
Başımıza yağıbdı qar?
Xocalının qan dənizi,
Qız – gəlinin ağ bənizi,
Düşmən əlində kənizi,
Qeyrətsizlik etməyib kar?
Ürəyimin dərdi dərya,
Həyatımız sanki röya.
Necə baxır buna dünya?
Parçalanıb bütün diyar.
Zöhrənin dərdinə baxın,
Düşmənləri oda yaxın.
Şuşamıza bayraq taxın,
Əyilməsin bizdə vüqar.
MƏN DÜNYADA OLMAYANDA
Dünya , aləm dəyişəcək,
Mən dünyada olmayanda.
Mənə bir rəhmət düşəcək,
Mən dünyada olmayanda.
Xatırlayanlar olacaq,
Gözlər boşalıb, dolacaq.
Xoş xatirələr qalacaq,
Mən dünyada olmayanda.
Nəvəm çiçəklə gələcək,
Məzar daşımı siləcək.
Ruhum sevinib, güləcək,
Mən dünyada olmayanda.
Qızlar anasız qalacaq,
Qəbrim üstə gül solacaq.
Küləklər saçın yolacaq,
Mən dünyada olmayanda.
Şeirlərim dil açacaq,
Misralarım gül açacaq.
Könüllərə nur saçacaq.
Mən dünyada olmayanda.
Ruhum gələcək eyvana,
Boylanacaq dörd bir yana.
Cüt gələrik biz yan- yana,
Mən dünyada olmayanda.
Görüm tale sizə yarmı?
Mənsiz həyat necə, varmı?
De, Zöhrə adım qalarmı ?
Mən dünyada olmayanda.
DÜNYAYA SEVİNC GƏRƏK
Gəlin mesaj göndərək,
Dünyaya sevinc gərək!
Arzulardan gül dərək,
Dünyaya sevinc gərək!
Olmasın heç qan- qada,
Dönməsin xalqlar yada.
Getməsin dünya bada,
Dünyaya sevinc gərək!
Bəsdi bu dərd ,qəm belə,
Ömrü vermişik yelə.
Tanrı, sən sevinc ələ,
Dünyaya sevinc gərək!
Körpələrin səsindən,
Analar naləsindən,
Zöhrənin həvəsindən,
Dünyaya sevinc gərək!
Pressaz.az