Ziyafət Tovuzlu:”Bəlkə də”… FOTO

  UTANIRAM

Üzə çıxa bilməyən,
Üzümdən utanıram.
Bu qədər də çəkdiyim
Dözümdən utanıram.

Arzularda azdığım,
Diriykən gor qazdığım.
Yaxşı-yaman yazdığım,
Sözümdən utanıram.

Dərdi pünhan saxlayan,
Öz-özünü dağlayan.
Gizli-gizli ağlayan.
Gözümdən utanıram.

       A DÜNYA

Arzularım, arzusuna çatmadı
Nakam öldü xəyallarım a dünya.
Cavabların od qoyacaq bilirəm,
Qoy uyusun suallarım a dünya.

Dilə gəlmir deyiləcək sözlərim,
Qorxacaqdı,ürkək baxır gözlərim.
Haqsızlıqdan yorğun düşüb dizlərim,
Sağalmayır yaralarım a dünya.

İgidlərin,ərənlərin dardadı,
Yaxşıların yaman olub tordadı.
Söylə görüm,ədalətin hardadı?
Pozulubdu sıralarım a dünya.

Ziyafətəm,incik düşdüm zamanla,
Yaşayıram nagümana, gümanla.
Əl açmışam, yalvarıram imanla,
Hasil olmur, dualarım a dünya.

BƏLKƏ DƏ 

Yanımdasan.
Nə qədər uzaqsan
Nə qədər yadsan
Kim bilir, kimin qəlbində varsan.
Bəlkə də,
Bəlkə də nə vaxtsa peşman olub qayıdacaqsan.

Etdiyin bəlkədə səni üzəcək
Taleyin sənə ağız büzəcək
Xatirələr güləcək yalqız üzünə,
Xatirələr üz çevirib gedəcək bəlkə.
Bəlkə də için- için üzüləcəksən.
Bəlkə də tez-tez kövrələcəksən.
Amma,
Amma itirdiyin dönməz ki,geri
Qəlbində hər zaman boş qalar yeri.
Ağlama,
Ağlama, üzülmə kiri
Özü yıxılan ağlamaz ki…

Ziyafət Tovuzlu