Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək – Niyaməddin Əsgərov

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır.
Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki həmin beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.
Cari ilin 3 noyabr tarixi Prezident İlham Əliyevin Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı və çıxışı ilə yadda qaldı.
Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.
Ölkə başçısı qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.
Əlaqələrin səmimiyyət dərəcəsini əks etdirən önəmli statistikaya gəlincə son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Strateji investisiyalara gəlincə ölkə başçısı bildirdi ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.
Bu gün əməkdaşlıq əlaqələri artan dinamika ilə inkişaf edir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.
Dövlət başçısı vurğuladı ki, münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Ölkə rəhbəri qeyd etdi ki, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir.
Beləliklə, Türk Dövlətləri Təşkilatının ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar və s. sahələrdə əlaqələrin inkişafında bundan sonra böyük rola sahib olacağına inanırıq. Ən əsası isə var olan əlaqələr daha da möhkəmlənəcək.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.