Yazıçı şair Ruhiyyə Abbaszadənin söz dünyasından…
AYRILIQ ŞEİRİ
Sənsiz kədər boğur məni,
Dolan bulud, çən olmuşam.
Vallah, səni düşünməkdən,
Dönüb elə sən olmuşam.
Yoxsan, günəşim qaralıb,
Ömrümü şaxta, qar alıb.
Gözümün kökü saralıb,
Qəm-qüssəyə tən olmuşam.
Sənsiz tənhayam, naçaram,
Üzülüb hər yerdən çaram.
Bilsən, nələrə düçaram,
Kaman tək dinən olmuşam.
Geri dön, ürəyim, canım,
Dostum, sirdaşım, həyanım.
Sən gedəli necə danım,
Dünyadan küsən olmuşam.
SƏNƏCƏN
Bu gün yenə şəkilini oxşadım,
Gül də solar qovuşduğu günəcən.
Sən yox ikən ömrü necə yaşadım,
Görən, səni tanıdığım günəcən?
İstəyirsən, mənimlə heç barışma,
Bir söz decək alovlanma, alışma.
Daha mənə ayrılıqdan danışma,
Bilirsən ki, getsən əgər, öləcəm.
Əllərinin hərarəti əlimdə,
Bir məhəbbət nəğməsisən dilimdə.
Səni məndən ala bilməz ölüm də,
Bu dünyada yaşamadım sənəcən.
SƏNDƏN ÖTRÜ
Dərdini çəkir ürəyim
Səndən ötrü, darıxıram.
Göylərdən enmiş mələyim,
Səndən ötrü darıxıram.
Bir eşq ucaltdın gözümdə
Özümü tapdım özümdə.
İndi ağlayır sözüm də,
Səndən ötrü darıxıram.
Həqiqəti qanır könlüm,
Viran olur, yanır könlüm.
Neylim, səni anır könlüm
Səndən ötrü darıxıram.
Yoxluğunu duya-duya
Ümidlərim düşür suya.
Küsə-küsə bu dünyaya
Səndən ötrü darıxıram.
Yazıçı şair Ruhiyyə Abbaszadə – media.info.az