Yazıçı-publisist, vətənpərvər şair Asif Cəfərli vəfat edib
Bu gün 25 Noyabr 2020-ci il tarixdə Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir.
Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri, yazıçı-publisist, Vətənpərvər şair Asif Cəfərli 61 yaşında vəfat etmişdir.
Asif Cəfərli Azərbaycan ədəbi mühitində öz dəsti-xətti olan yaradıcı insan kimi 40-dan çox bədii nəsr əsərləri, publisist yazıları, dram əsərləri, Beyləqan tarixi araşdırması və şeir kitablarının müəllifidir. Onun əsərləri Azərbaycan Dram teatrında və bir çox bölgə teatrlarında, cəbhə bölgələrində, hərbiçilərlə görüşdə səhnəyə qoyulmuşdur.
Asif Cəfərlinin Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin ədəbi mühitinin formalaşmasında böyük əməyi olmuşdur. O, Prezident təqaüdçüsü, “Rəsul Rza” mükafatı laureatı, Azərbaycan MN-nin “Vətən naminə”, “Fədai” medalları ilə təltif olunmuş və “Qızıl Qələm “ mükafatı laureatı adına layiq görülmüşdür. A.Cəfərli bir ziyalı pedaqoq kimi “İlin ən yaxşı müəllimi” Respublika mükafatı laureatı və bir çox fəxri fərmanlarla təltif olunmuşdur.
O, Gənclərin dostu, məktəblilərin sevimli müəllimi, gənc yazarların hamisi olaraq həmişə qəlblərdə yaşayacaqdır.
Mərhumun dəfn mərasimində Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin üzvləri və bir çox ziyalılar iştirak etmişlər.
Vida mərasimində Asif Cəfərlinin yaxın dostu, AYB-nin Beyləqan Bölməsinin üzvü Mehman Əliyev vida nitqi söyləmişdir.
Sonra, Bölmənin Birinci müavini Raquf Budaqlı, Mətbuat katibi Rövşən Budaq, müavin Elman İsrafiloğlu, şairlərdən Vəliyəddin Əhmədbəy, Ağa Savalan, Tahir Həsənov, Arif Həsənli Asif Cəfərlinin həyat və yaradıcılığı haqqda məlumat vermiş, xatirələr söyləmişlər.
Asif Cəfərlinin bütün əzizlərinə dərin hüzünlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Pressaz.az