Yazıçı-dramaturq Asif Cəfərlinin əziz xatirəsinə: “Biz bir durna qatarıydıq”… – FOTO

Elegiya: “Biz bir durna qatarıydıq”…

Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Yazıçı-dramaturq Asif Cəfərlinin əziz xatirəsinə

 

Biz bir durna qatarıydıq. Elə hey uçurduq. Haradan gəlib hara getdiyimizi bilsək də, bilməsək də üzü yuxarı elə hey uçurduq. Söz-söz, misra-misra, sətir-sətir, cümlə-cümlə, şeir-şeir elə hey uçurduq. Biz bir-birimizə göz qoya-qoya, bir-birimizi gözləyə-gözləyə, bir-birimizi izləyə-izləyə, bir-birimizə ərk eyləyə-eyləyə uçurduq. Sözə, şeirə, nəğməyə bələnib uçurduq. Yorulduq demədən, usandıq demədən həvəslə, şövqlə uçurduq. Sıramızın önündə sən idin. Sən birinci idin. Biz də səndən sonra gəlirdik. Səni ötüb keçmək bizlik deyildi. Amma sənin bizə yol verməyin də varıydı. “Kim istəyir ötüb keçsin məni”- deyirdin… Amma səni ötüb keçməyə bizim gücümüz çatmırdı, qanaqlarımız tab gətirmirdi. Sənin qanadların daha güclüydü, daha dözümlüydü. Qalın buludları sən daha tez yarıb keçirdin. Göylərin ənginliklərində sən daha rahat, sən daha sərbəst olurdun. Səma sənlik idi. Axı sən səma şairi idin, səmanın şairi idin. Əslində biz hamımız bunu bilirdik. İndi sənin səma şeirlərini, səmalı şeirlərini xatırlayırıq. Vaxt tapanda üzbəüz, ya da telefonda şeirlərini bizə özünəməxsusluqla oxuyardın. Şeirlərində söz-sözə calanardı, söz-sözə söykənərdi, sözdən-sözə yol çəkilərdi. Şeir oxuya-oxuya sözlərə qoşulub bizdən uzaqlaşardın. Lap göyün yeddinci qatına qalxardın. O an əlimiz əlinə çatmazdı, ünümüz –ününə yetməzdi. Sən bədii yaradıcılıqda bizdən çox-çox uzaqlarda, çox yuxarılarda idin. Amma bunu biruzə verməzdin, bunu bəlgə edib kiməsə bir söz deməyi özünə heç rəva bilməzdin. Əksinə, söz düşəndə mən də sizin birinizəm-deyirdin. Hə yadımıza düşdü:- bir də deyirdin ki- biz bir-birimizdən güc alırıq.

Sən bizlərdən biri olsan da, biz sən ola bilmədik. Çünki sənin qələmindən çıxan nəsr də, nəzm də bizimkindən fərqlənirdi. Onların həm sayı çox idi, həm də sanbalı ağır idi. Sən nədən yazmırdın ki… Sən gah “Nakam məhəbbətinlə” yaşayırdın, gah, “Yarımçıq qalmış Vağzalı “dan danışırdın, gah “Nəsimi dünyası”ndan keçirdin, gah “Sən qalib gələcəksən” söyləyirdin , gah” Apar məni yurduma” deyirdin , gah “Səma şairi” olurdun, gah da “ Günün şəklini çəkirəm” deyə hay salırdın. Amma hər dəfə sən elə özün olurdun, özün kimi yazırdın, heç kimə oxşamadan, heç kimə bənzəmədən, heç kimi təkrarlamadan… Sənin şeirlərinin misraları da, nəsr əsərlərinin cümlələri də, dram əsərlərinin dialoqları da elə sənin özünə bənzəyirdi. Bir az sakit, bir az təlatümlü, bir az ipə-sapa yatmayan, bir az da romantik….

… Biz bir durna qatarıydıq. Aram-aram, sakit-sakit uçurduq. Hər şey bir anda oldu, qəfildən oldu. Bir də gördük ki, sən bizdən çox uzaqlardasan, çox qabaqdasan, çox yüksəklikdəsən. Yazılarımız yazına çatmadığı kimi, özümüz də sənə çata bilmədik. Sən sıradan qəfil sıyrılıb çıxdın…

Bu bəlkə də elə belə olmalıydı. Axı sən səma şairi idin, axı sən səmanın şairi idin. Tanrı dərgahına sən bizdən çox tez çatdın. Çünki sən Tanrı dərgahındakı yerini hələ sağlığında qazanmışdın. Haçansa biz də bir gün bu durna qatarından ayrılacağıq… Bax onda bizim Tanrı dərgahına layiq olub olmayacağımızı deyə bilmərik, amma indi sənin, Tanrı yüksəkliyindən bizə göz qoyduğuna tam əminik, Asif müəllim! Bunu bizə ürəyimiz söyləyir, ürəyimiz deyir. Xatırlayırıq: tez-tez zəng edib halımızı, əhvalımızı soruşardın. Özünüzü qoruyun-deyərdin. Əslində sən bizi həmişə qoruyurdun. Amma səni qoruya bilmədik. Bəlkə də biz səni qorumağı bacarmadıq. Axı biz sən deyildik.
Ən böyük təsəllimiz isə sənin bizə qoyub getdiyin qalaq-qalaq kitablarındır. Və bir də nə yaxşı ki, həmişə nigaran qaldığın Qarabağ erməni faşistlərindən azad olunduğunu sağlığında öz gözlərinlə gördün, müzəffər ordumuzun qalibiyyətinin şahidi oldun, əziz dostumuz!

Tanrı dərgahındakı yerin mübarək,
əziz qardaşımız Asif Cəfərli!

 

 

Böyük bir ehtiramla səni hər an xatırlayanlar: Ağa Savalan, Fazil Əsəd.

 

 

Pressaz.az