Xocalı faciəsində baş verənlərin mahiyyətini gənc nəslə çatdırmaq bizlərin başlıca vəzifəsidir
Xocalı Soyqırımı! Bu hadisə xalqımızın tarixində ən dəhşətli qətliam kimi qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciəli hadisəyə hüquqi, siyasi qiymət verilmişdir. Ümummilli liderin bu sözlərini diqqətə çatdırmaq istəyirəm: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır — vəhşiliyin görünməmiş bir təzahürüdür. Bütün bunlara görə də biz Xocalı faciəsinin ildönümünü hər il qeyd edirik”.
Bu gün Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınması məqsədilə davamlı olaraq tədbirlər həyata keçirilir. Dünyanın bir çox ölkəsində Xocalı faciəsinin ildönümü münasibətilə tədbirlər təşkil olunur.
Bu il biz Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edirik. Bu, xalqımızın, millətimizin tarixində qara bir səhifədir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər.
Xocalı faciəsi ermənilərin Azərbaycanda genosid siyasətinin davamı idi. Artıq bütün dünya bunu bilir. Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasət ermənilərin mənfur niyyətlərinin dünyada tanınmasında böyük rol oynayıb. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanımın da mühüm xidmətləri vardır.
Xocalı faciəsi heç zaman unudulmayacaq. Çünki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc sakinləri, qocalar, qadınlar, uşaqlar amansızlıqla qətlə yetirilib. Xocalı faciəsində baş verənlərin mahiyyətini gənc nəslə çatdırmaq bizlərin başlıca vəzifəsidir.
Biz gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Bu gün ölkəmizin hər yerində tədbirlər keçirilir, Xocalı şəhidlərinin xatirəsi hörmət və ehtiramla yad edilir. Bu tədbirlərin keçirilməsinin məqsədi odur ki, yetişməkdə olan nəsil bu faciəni unutmasın.
Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bir milyondan çox vətəndaşımız qaçqın vəziyyətində yaşayır. Ancaq xalqımız inanır ki, dövlət başçımızın apardığı ardıcıl, prinsipial siyasət tezliklə torpaqlarımızın azad olunmasına şərait yaradacaq.Ondan böyük müsibətlərlə üzləşən xocalılar da öz doğma torpaqlarına qayıdacaqlar. O gün çox da uzaqda deyil.
“Qızıl qələm” mükafatı laureatı Ramilə Atəş
Pressaz.az