VÜSAL QASIMOV: MƏNƏ NAĞIL DANIŞ NƏNƏ

MƏNƏ NAĞIL DANIŞ NƏNƏ

Dönüm yenə uşaq olum
Gəlim qoyum dizlərinə başımı.
Can, ay nənə, bir nağıl de
Təzələ qan yaddaşımı.

Yaş artdıqca unutmuşuq xeyiri də şəri də                
Yaxşılığa çağıranlar hara gedib, ay nənə ?
O vaxt hələ uşaq ikən bir müdrikdən deyərdin
Bir agah et bu illərdə o nə edib, ay nənə ?

Zalımlara döyüşənlər geri dönə bildimi ?
Qorumağı bacardımı yamanlardan dünyanı ?
Uşaq ikən demə çox şey bilirdik
Bu yaşda heç bilmirik
İndi necə qoruyaq yalanlardan dünyanı ?!

Harda qaldı o igidlər, ay nənə
Halal çörək arxasınca qaçanlar ?
Harda qaldı arxasıza əl tutub
Yaxşılıqla yaddaşlara uçanlar ?

Yadımdadır o illərin suyu da
Tamam başqa dad verərdi, ay nənə .
Qonşuda bir çörək bişirən olsa
Qonşulara göndərərdi, ay nənə.

Çörəyimiz yavan idi bəlkə də
Əl üzümüz çirklənərdi, batardı.
Üzü getmiş döşəklərin,ay nənə
Yuxumuza bir şirinlik qatardı.

Soğan çörək bəsimizdi o illər
Qara undan çörəyimiz var idi.
Bir əl boyda çörəyi özgəsiylə
Paylaşmağa ürəyimiz var idi.

Əl atardıq yaşlıların işinə
Qonşuların qapısına qaçardıq.
Məhləmizdə bütün evlər bizimdi
Axşam gəldi o evdə də yatardıq.

Onda dərd də bizdən uzaq gəzirdi
Yad kəlməsi bizə yaddı o illər.
Elə bil ki adamlığı apardı
Üstümüzdən ötüb keçən fəsillər.

Babalarla ölüb getdi doğmalıq
Yavaş yavaş hamı evə çəkildi.
Elə bil ki aramıza, ay nənə
Ayrılığın toxumları əkildi.

Evlər yenə öz yerində durubdur
İçindəki adamları dəyişib
Elə bil ki, bir birinə, ay nənə
Adamların inamları dəyişib.

Elə böyümək istəyirdik o illər…
Qazanmadan itirmişik sən demə.
Bu dünyanın axırını özümüz
Əlimizlə gətirmişik sən demə.

Vüsal Qasımov