Vidadi Hidayət: Hidayət yolunun nuru ilə SÖZ haqqında düşüncələrim…

Rəhman və Rəhim olan Allahın adı ilə

Allah verən paydı söz,
Haraydı,haydı söz.
Eşqimizi yaydı söz,
Saf insana taydı söz.
Tahir Hüseyn

(Əvvəli 03 , 11 iyul 2021-ci il )
“Eşqimizi yaydı söz”-Eşq sözünün anlamını onu yalnız olduğu kimi yaşayan dərk edər. Çünki bu izah olunsa da tam anlaşılmaz. Allah (c.c) Zatından olan hər birimizdə əmanət olan ruhda sevgi adlı mənəvi fəzilət vardır. Sevgi elə bir mənəvi dəyərdir ki, insan nəfsi paklaşdıqdan sonra ruh ilə Allah (c.c) arasında yarana bilir. Yarandıqdan sonra isə eşq yaranır.
Şair kimi çox dəyərli Allah (c.c) dostu Məhəmməd Füzuli sevgi sözünün anlamını bildirən belə bir kəlam söyləmişdir:
Canın kim cananı üçün sevər, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
İki sətr şerdə sevmək sözü dörd mənada işlədilmişdir.
Burada birinci sətrdə anlam odur ki, insan elə bir məqama çatmışdır ki, nəfsi paklaşaraq ruh kimi olmuşdur. O şəxsin nəfsi istəyi olmadığından ruhun, cismin, nəfsin və iradəsin Allah (c.c)-a təslim edib yalnız Haqq Təalanın razılığın qazanmaq üçün özünə baxaraq yaşayır Allaha (c.c) layiq olduğu üçün ibadət edərək Onu sevir. Bu vaxt əsl sevginin təsirindən eşq yaranır.
Şeirin ikinci sətrinin anlamı odur ki, o şəxs Allah (c.c) varlığına inanır. Cənnət, cəhənnəmin olduğuna inamı, etiqadı var. Cəhənnəmə düşmək qorxusundan dolayı cənnətə düşmək istəyindən Allah (c.c) -a ibadət edir, Onu sevdiyini dilinə gətirir. Ancaq bu sevgi eşq yarada bilməz.Çünki, bu sevgi təmənnalıdır. Həzrəti imam Əli (ə): “Ya Rəbbim, mən cəhənnəm qorxusundan cənnət istəyindən Sənə ibadət etmirəm. Sənə ibadətə layiq olduğuna görə ibadət edirəm.”
Aydındır ki, insanla Allah (c.c) arasında ülvi sevgi yarandıqda eşq yaranır. Eşq dinimizin ən uca məqamlarından biridir. Yaxşı olar ki, bu eşqi, ülvi eşqi maddi aləmdə işlədilən sevgi və eşqdən fərqləndirmək üçün maddi aləmdə işlədilən sevgi və eşqə başqa ad qoyulsun. Çünki, maddi aləmdəki eşq insanla Allah Təala arasındakı eşq ilə eyni mənəvi dəyərlər anlamına gələ bilməz.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi müxtəlif dövrlərdə dünyəvi şeirlər, sevgi və eşq barədə müxtəlif şeirlər yazmışdır. Ancaq, o şairin ən yüksək ruhani məqamda, nəfsinin tam paklaşmış məqamında yazmış olduğu bir şeir mənim diqqətimi cəlb etmişdir:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Mehrab maddi aləmə aid olan sözdür. Məscidin içərisində elə bir yerdir ki, məscidə daxil olub namaz qılmaq istəyənə qibləni göstərir. Bu şeirdə birinci sətrdə şair Nizami Gəncəvi eşqi yaşayıb dərk etdiyi üçün onun mahiyyətini, anlamını açır. Aydın olur ki, kim əgər Allaha (c.c) doğru düzgün yol tutubsa (maddi aləmdəki mehrab anlamında) sonda mütləq Allah-Təalaya aşiq olaraq, Ona heyran olacaq. Deməli, aşiqlik insanın Allaha (c.c) doğru yolunun sonudur.
Bu beytin ikinci misrasında isə dünya ilə müqayisədə o eşqə qiymət verir.
Doqquz sözdən ibarət olan iki sətir şeir bir anlamı bildirir. XI-XII əsdrdə yaşamış Nizami Gəncəvinin daxili aləmində həqiqi Allah (c.c) eşqinin olduğunu bizə çatdıraraq sanki, aramızda ünsiyyət, anlaşma yaradır.Bu beytin hər misrası, hər sözü ayrı-ayrılıqda tək-tək eşqin anlamını vermir. Söz o vaxt söz olur ki, o başqa bir Allah bəndəsinə anladılsın.
Deməli, XII əsrdə Nizami Gəncəvi öz həqiqi eşqini bildirən iki sətr şeir, bir “sözdür”-eşq anlamlını bildirən “söz”. Çünki, “Söz anlamaq deməkdir. Söz anlatmaq deməkdir”.(Tahir Hüseyn)
Bir fikiri də vurğulamaq istəyirəm ki, eşq sözünü yəni Nizami Gəncəvinin eşqini Lövhi-Məhfuzda olan saf SÖZÜ bilənlər anlaya bilərlər.XI-XII əsrdə yaşamış dahi şair Nizami Gəncəvinin doqquz sözdən ibarət olan yazmış olduğu şeri ona Allah (c.c) eşqinin olduğunu o vaxt bizə çatdırar ki, bizlərdən hər kəs Allah (c.c) verən pay olan SÖZƏ sahib olaq.
(davamı var)

 

Vidadi Hidayət