Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu.

Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu.

Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində beynəlxalq riyakarlığın təzahürünü, Azərbaycana qarşı olan qərəzli davranışı bütün dünya dövlətləri bir daha aydın şəkildə gördü. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Bu gün təzyiq etmə aləti kimi tanınan Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsidir.
Hər kəsə yaxşı bəllidir ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu gün əminliklə deyə bilərik ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. Ən əsası da AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Heç kəsə sirr deyil ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Onu da əminliklə qeyd edə bilərik ki, Avropanı narahat edən Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbədir. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.
Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. Yanvar ayının 22-də keçirilən iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması tamamilə qərəzli və riyakar bir addımdır.AŞPA-nın bu qərəzli addımını əsaslandırdığı uydurma səbəblər isə tamamilə absurddur. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı uğursuz qisas cəhdidir.
Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və belədə davam edir. Avropa Şurası ölkəmizə qarşı bu cür qərəzli mövqe ortaya qoymaqla Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanı qarşısına aldığını açıqca nümayiş etdirmiş oldu. Bu mövqe müstəqil və suveren Azərbaycana qarşı köklü qərəzin bariz təzahürüdür.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi.
Bu gün bütün dünya dövlətləri yaxşı bilir ki, Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.