Ümummilli Lider Heydər Əliyevin həyatının bütün mərhələləri Azərbaycan xalqının müstəqil dövlətə sahib olmasına yönəlmişdir – Niyaməddin Əsgərov

1987-ci ildə Ulu Öndər Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatının bütün mərhələləri Azərbaycan xalqının müstəqil dövlətə sahib olmasına, onun dünya xalqları içərisində layiqli yerinin və firavan həyatının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyev hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən bu orqanda fəaliyyət göstərəcək milli kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Ümummilli Lider çox gözəl bilirdi ki, dövlət təhlükəsizlik orqanlarında işləyən qeyri-azərbaycanlılar tərəfindən xalqımıza qarşı olduqca qəddar münasibət bəslənilmiş, minlərlə soydaşımız müxtəlif bəhanələr gətirilərək uzunmüddətli həbslərə, ölüm cəzasına məhkum edilmişdir. Xalqımıza qarşı yönəlmiş bu represiya maşınının qarşısının alınmasının yeganə yolu Dövlət Təhlükəsizlik Komitəsi sistemində milli kadrların yerləşdirilməsi idi ki, Ulu Öndər bu yolda qarşısına çıxan maneələri qətiyyətlə dəf etməyi bacardı. Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifədə fəaliyyətinin növbəti mərhələsi 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dönəmini əhatə edir. Dünyanın ən böyük dövlətinin 3-cü böyük şəxsi kimi dünyada tanınan Ulu Öndərin bu yüksəlişi bir çoxlarını, o cümlədən erməniləri əndişəyə saldı. 1985-ci ildə Kommunist Partiyasının Mərkəzi Komitəsinin yeni seçilmiş baş katibi Mixail Qorbaçov SSRİ-də “yenidənqurma və aşkarlıq” adı verdiyi siyasi kursunu elan etdi. Bu kurs ölkədə böyük təlatümlər yaratdığı kimi, ənənəvi kadr dəyişikliklərini də ortaya qoydu. M. Qorbaçov daha çox ondan asılı olan və İttifaq miqyasında o qədər də tanınmayan şəxsləri komandasına cəlb etməklə yanaşı, Mərkəzi Komitədə ciddi siyasi çəkiyə və böyük xarizmaya sahib şəxslərin təmizlənməsinə başladı. Bu şəxslərdən biri də Sov. İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev oldu. Artan təzyiqlər fonunda Heydər Əliyevin 1987-ci ilin oktyabrında Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istefası Qarabağ probleminin açıq müstəviyə keçməsinə və bu münaqişə fonunda Milli Azadlıq Hərəkatının geniş vüsət almasına səbəb oldu. Ulu Öndər bu barədə belə söyləyirdi: “Ermənilər mənim Siyasi Bürodan istefama nail olduqdan cəmi 20 gün sonra, Ermənistanda bir gün belə yaşamayan akademik Aqanbekyan Fransada çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarını elan etdi”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa etdiyi müraciətində həmin dövrü xarakterizə edərək demişdir: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı.”
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən mühüm xidmətlərindən biri də özündən sonra millətin və dövlətin taleyini etibar edəcəyi siyasi varisini yetişdirməsidir. Ulu Öndərimiz burada da yanılmadı. Heydər Əliyevin yarımçıq qalmış ideyaları cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab Prezident İlham Əliyev zamanın reallıqlarını nəzərə alaraq Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq məsələlərin müzakirə edildiyi və mühüm qərarların qəbul edildiyi məkana çevirdi. Ən əsası özünün qətiyyəti, yaratdığı Müzəffər Ordunun qüdrəti və xalqımızın birliyi ilə 30 il işğal altında qalan Vətən torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın zədələnmiş milli qüruru bərpa olundu. Xalqımız məğlub xalqdan, Qalib xalq səviyyəsinə ucaldı.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.