Ümummilli Lider Heydər Əliyev:“İqtisadiyyat ölkənin təməl daşıdır”

Torpaqda izi olanın süfrədə üzü olar deyib atalarımız. Məhz onun Azərbaycan torpağında qoyduğu iz bu gün də bütün süfrələrin bərəkətinə çevrilib. Torpağa atdığı hər toxumun cücərdiyi kimi yaratdıqları, qurduqları ölümündən sonra da cücərdi, yetişdi, bar verdi. Onun yaratdıqları, qurduqları, dediyi hər kəlmə, atdığı hər addım, yürütdüyü siyasət indi də dünyanın bir parçasını, Azərbaycan adlı bir məkanı yaşatmaqdadır. Dünyada şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə onun adı çəkilir. Əlbəttə ki, söhbət türk dünyasının ikinci Atatürkü, ulu öndər Heydər Əliyevdən gedir.

“İqtisadiyyat ölkənin təməl daşıdır” deyən ulu öndərin ilk islahata başladığı sahə də məhz iqtisadiyyat, kənd təsərrüfatı oldu. Əkinçilərin ümid yeri sayılan torpağa diqqəti artıran Heydər Əliyev kənd təsərrüfatına məqsədli vəsait qoymadan yüksək nəticələr əldə etmək mümkün olmadığını bildiyindən bu istiqamətdə düşünülmüş, əsaslı tədbirlər ardıcıllıqla həyata keçirilməyə başlandı. İqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparıldı. Onun səyləri nəticəsində ölkədə heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı komplekslər və quşçuluq fabrikləri fəaliyyətə başladı, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili həyata keçirildi. Kənd təsərrüfatında  ümumi istehsalın inkişafı ilə yanaşı, ölkəmizdə aqrar maşınqayırma sənayesi, mineral gübrə və digər kənd təsərrüfatı avadanlıqları və vasitələri istehsalı təşəkkül tapdı, kənd təsərrüfatı məhsullarının emalı  üçün yeni ət, süd kombinatları, meyvə və tərəvəz konservləri zavodları tikildi, mövcud olanlar modernləşdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalıqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

Ulu öndər Heydər Əliyevin islahatlar strategiyasının həyatiliyi, davamlı xarakteri, uğurlu nəticələri onu böyük islahatçı və strateq adlandırmağa əsas verir. Yəni, əsas olan heç də təşəbbüslər, qanunlar və qanunvericilik aktları deyil, hər bir islahatın nəticəsini öncədən görmək, hesablamaq bacarığıdır. Fenomen şəxsiyyət olan Heydər Əliyev islahatların ilkin mərhələsində tələsməməyi tövsiyə edərək deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk”.

 

 

                                                                      “CTS AQRO”  Beyləqan pambıq istehsalı və emalı

                                                                                                 zavodunun direktoru Fazil Hacıyev