“Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın!” – Könül Səssiz
Qadın!…Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman – zaman təsdiq etmişdir.
Bineyi – qədimdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Belə Azərbaycan xanımlarından biri də, şairə, yazıçı -publisist, Pressaz.az xəbər portalının rəhbəri, QGY Jurnalının Baş redaktoru Ramilə Məmmədovadır.
Bu gün Ramilə xanımın ad günüdür. Pressaz.az kollektivi adından bu münasibətlə Ramilə xanımı ürəkdən təbrik edir, ona həyat və yaradıcılığında uğurlar arzulayıram.
Ad gününüz mübarək!
ZƏRİF BACIM
Qəlbi təmiz özü kövrək
Bənövşə tək incə çiçək.
Toxunsam boynun bükəcək
Bir gül qədər zərif bacım.
Bəzən bir tufan olursan
Bəzən buludtək dolursan.
Bəzən bir yaz yağışı tək
Səssiz-səssiz yağırsan.
Şeirlərin həzin nəğmə
Toxuyursan ilmə-ilmə.
Amandır, sən gözə gəlmə
Ala gözlü, nazlı bacım.
Vətən eşqi ürəyində
Zəfər çalmaq diləyində.
Tanrı dursun kürəyində
Həcər qeyrətli, ər bacım.
Yolun haqdır, yorulmadın
Çətinliklərdən qorxmadın.
Hər amalın açıq-aydın
İrəli get, gözəl bacım!
Könül Səssiz -Pressaz.az