Ülvi Nağıyev: “Vedibasar mahalı Qərbi Azərbaycan mahalları arasında tarixən ən döyüşkən, mübariz mahal kimi fərqlənmişdir”…FOTO
2-ci Qarabağ Müharibəsində deyilənə görə iki ailə olmuşdur ki, bir evdən üç qardaş birbaşa döyüş əməliyyatlarında iştirak etmişdir. Onlardan biri də, əslən Vedibasar mahalının Şidli kəndindən olan Məmmədovlar ailəsi olmuşdur. Deməli, Məmmədovlar ailəsi məlum 1988-ci il hadisələri zamanı doğma ata-baba yurdlarından qaçqın düşərək Tərtər rayonu Bəyimsarov kəndində məskunlaşırlar. Həlimə ana burada 6 vətənpərvər oğlan övladı böyüdüb boya-başa çatdırır. Bu 6 oğlan övladından biri uzun illərdir ki, işləri ilə bağlı olaraq Rusiya Federasiyasında yaşayır, bir oğlu isə hələ yetkinlik yaşına çatmayıb. Digər 4 övladından 3-ü – Orxan Məmmədov, Sərxan Məmmədov və Samir Məmmədov müharibə başlayan gündən döyüşlərə qoşularaq aktiv döyüş əməliyyatlarında iştirak etmişdilər. Digər bir oğlu Ruslan Məmmədov isə gecə-gündüz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısından getməyərək onunda döyüşlərə cəlb olunmasını tələb etmişdir.
Qardaşlardan – Orxan Məmmədov həmdə “Aprel” döyüşlərinin iştirakçısı olub. 2-ci Qarabağ Müharibəsində yüngül yaralanmağına baxmayaraq döyüşü davam etdirmişdir. Hazırda “MAXE” kimi xidmətdədir.
Qardaşlardan – Sərxan Məmmədov hərbi xidmətini bitirib tərxis olunub mülki həyatına davam edirdi. “Tovuz” hadisələri zamanı könüllü ərizə verdiyinə görə 2-ci Qarabağ Müharibəsi başlayan kimi onuda orduya cəlb edirlər. Döyüşlərdə ciddi travmalar aldığına görə əsəb sistemi pozulubdur, əsaslı səbəblər olduğu halda əlillik dərəcəsi təyin etməyiblər.
Qardaşlardan – Samir Məmmədov müharibə başlayan zaman “MAXE” kimi xidmət etdiyi və peşəkar hərbiçi olduğu üçün elə ən öndə döyüşənlərin içində oda var idi. Döyüş əməliyyatını icra etməyə gedən zaman düşmən tərəfindən atılan mərmi bunların olduğu hərbi kamazı partladır (həmin anın video görüntüsü var, baxmaq istəyənlərə göndərə bilərəm). Möcuzə nəticəsində sağ qalan Samir ağır bədən xəsarətləri alaraq Hospitala yerləşdirilir. Sağ qalsada gəncliyi puç olan Samirin sol qolunu kəsirlər, sağ əli isə demək olar ki, işləmir. Bundan başqa Samirin ayağında hələdə qəlpə qalıb və sağ qulağının pərdəsi cırılıb. Əsəb sistemində ciddi problemləri var. Başı o dərəcədə ağrıyır ki, kəsilən qolu, yaralı ayağı heç yadınada düşmür.
2-ci Dünya Müharibəsindən yadda qalan bir deyim var ki, SSRİ müharibəni arxa cəbhənin verdiyi dəstək hesabına uddu. Elə 2-ci Qarabağ Müharibəsində də, arxa cəbhənin verdiyi dəstək Ordumuza əlavə stimul verdi. Arxa cəbhədə “like” xətrinə FB-da status yazaraq dəstək verən boşboğazlardan tutmuş evində olan əşyasını satıb Ordu üçün dərman, isti geyim, yemək və digər zəruri ləvazimatlar alıb cəbhə bölgəsinə aparan vətənpərvər insanlara qədər hər zümrədən vətəndaşlarımız var idi. Qardaşlardan 4-sü Ruslan Məmmədov isə dəfələrlə, təkidlə Orduya cəlb edilməsini tələb etsə də, artıq üç qardaşının döyüşlərdə olduğu üçün aparılmadığına görə Hərbi Komissarlıqdan əl çəkərək, cəbhəyə göndərmək üçün meşələrdə salınmış silah düşərgələrində silah sursat daşıyaraq əlindən gələcək işin ən yaxşısını edirdi.
19 aprel 2021-ci il tarixdə işimlə bağlı Gəncə şəhərində olacağım üçün artıq 18-i axşamdan plan qururdum ki, fürsət düşmüşkən Gəncə şəhərindən qayıdanda Bəyimsarov kəndinə gedib milli qeyrətləri qarşısında baş əyilməli olan bu qardaşlarla görüşüm, onlara baş çəkim. Həmdə barələrində geniş yazdığımız həmmüəllifi olduğum “İtirilmiş Yurd Yerimiz Şidli Kəndi” kitabından onlara hədiyyə edim.
Təsadüfi deyil ki, Vedibasar mahalı Qərbi Azərbaycan mahalları arasında tarixən ən döyüşkən, mübariz mahal kimi fərqlənmişdir. Abasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Qəmlo kimi kişilər bunun bariz nümunəsidir. Orxan, Sərxan, Samir, Ruslan kimi oğullar isə onların davamçılarıdır. Xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, 2-ci Qarabağ Müharibəsində Şidli kəndinin igid oglanları arasından 36 nəfər döyüşlərdə iştirak etmiş, 2 nəfər İlkin Məmmədzadə və Tural Cuvarov xüsusi qəhrəmanlıq göstərərək şəhid olmuş, 5 nəfər isə yaralanmışdır.
Ülvi Nağıyev-Pressaz.az