Ulu Öndər Heydər Əliyev Ordu haqqında: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir.”

Ulu Öndər Heydər Əliyev Ordu haqqında: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir.”

Ulu Öndər Heydər Əliyev ordu haqqında xeyli ibrətamiz kəlamlar da söyləyib: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”; “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”; “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”; “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir”; “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”; “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur” və s.
Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyev qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olmaqla, bu günkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə, bu sahədə də mühüm irəliləyişlər əldə edildi.1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra, Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevral ayının 20-də isə, Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı.
Ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini, müasir dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə, bu gün, Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava, Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. 2020-ci il sentyabr ayının 27-də şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Diqqətəlayiq haldır ki, Vətən müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bu gün, Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da, məhz dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm siyasətin təzahürüdür.
Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq şanlı Zəfər salnaməsi yazan Azərbaycan Ordusu bundan sonra da adını hərb tariximizə və bütün dünyaya güclü ordu kimi yazdıracaqdır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.