Türkiyədə zəlzələ qurbanlarının sayı 1651 nəfərə çatdı, 7 günlük matəm elan olundu
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1651 nəfərə çatıb, 11 mindən çox yaralı var.
Bu barədə yerli televiziyalardan birinin efirində ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Hazırda Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 1651 nəfər ölüb, 11 119 nəfər yaralanıb. 3471 bina dağılıb”, – o bildirib.
Həmçinin, təbii fəlakətlə əlaqədar Türkiyə ərazisində yeddi günlük ümummilli matəm elan olunub. Bu barədə ölkə başçısı Rəcəb Tayyip Ərdoğan əmr imzalayıb.
19:51
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.
Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb.
O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb.
18:31
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1498-ə, xəsarət alanların sayı isə 8533-ə çatıb.
Qeyd edilib ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb.