Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var.

Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var.

Azərbaycan Respublikasının xarici siyasətinin təməlini dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi təşkil edir. Şübhəsiz ki, Türk dövlətləri ilə olan mehriban əlaqələrimiz və dostluq münasibətlərimizin inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılması bu siyasi kursda xüsusi əhəmiyyət kəsb edir. Tarixə qısa bir nəzər saldığımız zaman dövlətimizin bu xarici siyasi strategiyasının bizə dahi Ulu Öndər Heydər Əliyevdən miras qaldığını aydın şəkildə görə bilərik. Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri hər zaman prioritet hesab etmiş və türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə şəxsən töhfələr vermişdir. Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərmiş, bütün bunları dövlətimizin xarici siyasətinin başlıca prioriteti kimi diqqət mərkəzində saxlamışdır.
Prezident İlham Əliyevin cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı bir sıra qlobal məsələlərin həlli istiqamətində əhəmiyyət daşıyan, eləcə də regional təhlükəsizlik amillərini şərtləndirən məqamlarla yadda qaldı. Dövlətimizin başçısının bütün çıxışlarında olduğu kimi, 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı da qətiyyətli olmaqla yanaşı, həm də bir sıra dövlətlərə mesaj idi. Azərbaycanın istənilən məsələdə prinsipial mövqeyi və obyektiv yanaşması dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müstəqil xarici siyasət kursunun təzahürü olmaqla yanaşı, həmçinin ədalətli davranışının göstəricisidir.
1994-cü ildə Ulu Öndər tərəfindən tarixi qərar qəbul edildi. “Əsrin müqaviləsi” imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi.
Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzvstatusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edib. Ancaq ilk dəfə olaraq bu tədbirdə öz bayrağı ilə iştirak etmişdi. Burada biz qardaşlıq borcumuz nədirsə, onu da etdik. Biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq. Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyivar. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali bütün bunları mən öz çıxışımda söylədim. Bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik.
Prezident İlham Əliyev öz çıxışında onu da vurğuladı ki, bu gün Azərbaycanın daxil olduğu regionda Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri vardır. Belə mərkəzlər dezinformasiya yaymaqla hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycanın olduğunu deyən ölkə başçısı Azərbaycanın öz ərazisini və siyasətini kənar müdaxilələrdən qorumaq gücündə olduğunu da forum iştirakçılarının nəzərinə çatdırdı. Beləliklə, forumda Azərbaycan reallıqları, atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər, eləcə də Azərbaycanda keçiriləcək COP29-un məhz həmrəylik tədbiri olması ölkəmizin növbəti uğuru oldu.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.