Tofiq Nurəli : “Darıxan bir nəğmə”…FOTO
Anam haqqında darıxan nəğmələrdən…
Mənim əziz anam, əzabkeş anam
Qaldı torpaq altda min-bir azarın…
Bu qədər bəxtəvər olmamışdın heç—
Bəxtəvər görünür indi məzarın…
Çəhrayı işıqla dolub başdaşın—
Qoymayır fikirdən səni ayırsın…
…Fevral,mart, aprel, may—yaxşı.., lap yaxşı..,
Büküb barmağını yenə sayırsan…
Axan ulduz kimi axıb getdiniz..,
Hər şey birdən-birə oldu dalbadal…
Mənim əziz anam.., əzabkeş anam..,
Fevral qurtarmadı.., bitmədi fevral…
Sənin dərdlərindir səpilib göyə–
Ulduzlar çoxalıb göydə birə-beş…
…Bəxtəvər görünür indi məzarın..,
Bu qədər bəxtəvər olmamışdın heç…
Danışır ulduzlar pıcıltılarla—
Sevən qəlb eşidər, yalnız, bu səsi…
Ulduzlar sayrışır göylər tağında..,
Sanki yırğalanır sünbül zəmisi…
Mənə çox doğmadır ulduzlu göylər..,
Istidir ağ-qara köhnə bu şəkil …
Elə bil anamdır bu göylər mənim—
Sürüşmüş yorğanı üstümə çəkir…
Analar uduzdu bizə ömrünü..,
Sənə kim dedi ki, bu ömrü uduz?!.
…Analar ölmür ki.., analar ölmür..,
Kimin anasısan, eyy parlaq ulduz?..
Oxşar bir-birinə bütün analar—
Tap görüm orada hansıdır hansı?…
…Kimin anasısan, ey parlaq ulduz..,
Kimin anasısan.., kimin anası?..
ŞAİR VƏ PAYIZ
Bir az darıxmağa başladım yenə,
Elə bil əlimlə vaxtı didirəm.
Payızın ot basmış biçənəyində,
Dumanın altında bir yol gedirəm.
Səmti itirmişəm, azmışam bəlkə,
Gedirəm bəxtə-bəxt payız içində.
Hayana getsəm də fərqi nədi ki,
Gəlib qovuşduğum payız köçündə.
Bu sarı yolların sonu bəllidi,
…Heç zaman yollardan yorulmadım ki…
Mən yollar keçmişəm saysız-hesabsız,
…Yenə bir -birinə qoşulub gedir,
Dumanın altında ŞAİR və PAYIZ.
Darıxan bir nəğmə…
Töküldü yollarda qırıq sevdalar,
Çoxu arzuların payıza düşdü.
…Bir durna nəğməsi keçdi canımdan,
Mən elə bildim ki, payız üşüdü.
Dumanlar içində tək qalan durnam,
Oxu, bu kədərli nəğməni, oxu.
…Mənzilə çatmayan durnalar kimi,
Töküldü yollarda dostların çoxu.
TOFİQ NURƏLİ – Media.info.az