TARİXİ ABİDƏLƏRİMİZ: TƏZƏPİR MƏSCİDİ – FOTO

Təzəpir məscidi bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan tikilidir.
Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər də qorunub-saxlanılır. Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyiblər.
Ziyarətgah zaman-zaman Bakı əsilzadələri tərəfindən təmir olunub. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib. İbadətgahın əsl tikintisi isə XX əsrin əvvəllərində başlayıb. Belə ki, məscidin əsaslı bərpasından təxminən 90 il sonra zəngin möminlərdən sayılan Nabat xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər də bu tikili Təzəpir məscidi adlanır.
Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilib.

Mənbə: https://m.facebook.com/story.php?story_fbid=699152403890306&id=569184973553717