TAHİR HÜSEYN: İÇİNDƏ HAQQ GƏZDİRƏNLƏR

              İÇİNDƏ

Hər kəsin öz dünyası var,
Öz içində, öz içində.

Hər sözün min mənası var,
Söz içində, söz içində.

Saleh qulun bir nuru var,
Göz içində, göz içində.

Nəfsin qulu , bir kinin var
Əz içində, əz içində.

Sənə haqsızlıq edən var,
Döz içində, döz içində.

Yaşa zikr edən qəlbin var,
Həzz içində, həzz içində.

Axtardığın bir Allah var,
Gəz içində,gəz içində.

 

 

EŞQİ MƏNƏ VERƏN ÜÇÜN.

İçimdə bir sevgi yaşar,
Bu sevgi nurlanıb coşar.
Bu sevgi dünyanı aşar,
Eşqi mənə verən üçün.

Bu məhəbbət sönən deyil,
Bu məhəbbət dönən deyil.
Bu məhəbbət ölən deyil,
Eşqi mənə verən üçün.

Bu sevgidən alisi yox,
Bu sevgidən xalisi yox.
Bu sevgidən qeyrisi yox,
Eşqi mənə verən üçün.

Bu eşqimə qul olmuşam,
Yanıb çoxdan kül olmuşam.
Uçub göydə yel olmuşam,
Eşqi mənə verən üçün.

Çox sınaqdan keçib gəldim,
Allaha and içib gəldim.
Düz yolumu seçib gəldim,
Eşqi mənə verən üçün.

Tahirəm, eşq-məhəbbətəm,
Aşiqlərlə həmsöhbətəm.
Ruham, canam, ibadətəm,
Eşqi mənə verən üçün.

 

 

İÇİNDƏ HAQQ GƏZDİRƏNLƏR.

Dərdi sıxıb sinəsinə ,
Dəedi vermir özgəsinə.
Dözmür ürək,dözmür sinə,
İçində Haqq gəzdirənlər

Seçilirsən,seçilmisən,
Biçilirsən,biçilmisən.
Haqq önündə kiçilmisən,
İçində Haqq gəzdirənlər.

Soyulublar,asılıblar,
Bəzən daşa basılıblar.
Tək Allaha qısılıblar,
İçində Haqq gəzdirənlər.

Əllərini açıb göyə,
Oxuyurlar surə,ayə.
Əməyiniz getməz zayə,
İçində Haqq gəzdirənlər.

Vətən üçün ölənlərdi,
Haqqın qədrin bilənlərdi,
Şəhidlərdi,ərənlərdi,
İçində Haqq gəzdirənlər.

Sözü deyər öz yerində,
Sözün deyər düz yerində.
Nur gəzdirər göz yerində,
İçində Haqq gəzdirənlər.

Tahiri də qardaş bilin,
Özünüzə sirdaş bilin.
Heç olmasa yoldaş bilin,
İçinndə Haqq gəzdirənlər.

 

 

DOSTUM SƏNLƏ GÖRÜŞƏNDƏ.

Göydən yerə nur ələnər,
Ruhum yenə təzələnər.
Dünya sevincə bələnər,
Dostum sənlə görüşəndə.

El- obaya səda düşər,
Xatirələr yada düşər.
Pis nəzərlər oda düşər,
Dostum sənlə görüşəndə.

Tanrı verib qədərimi,
Sevinc qovar kədərimi.
Unudaram hər dərdimi,
Dostum sənlə görüşəndə.

Sakit olar küləklər də,
Yaxın olar mələklər də.
Çiçək açar diləklər də,
Dostum sənlə görüşəndə.

Min cür fikir eləyirəm,
Allahdan dilək diləyirəm,
Haqqa şükür eləyirəm,
Dostum sənlə görüşəndə.

Tahirəm bil dost üçünəm,
Dostsuz çətin bil keçinəm.
Dostum sənin öz içinəm
Dostum sənlə görüşəndə.

 

Pressaz.Az