TAHİR ABDULLAYEV: SEVGİ VƏ ÖLÜM


      Sevgi və ölüm

Bizimlə birlikdə doğulur.
Ölüm yaşayır varlığımızda,
Sevgi isə ruhumuzda…
Hər an təqibdə bizi ölüm,
Hər an yanımızda.
Ən ağır günümüzdə,
Dünya ilə vidamızda,
Aldığımız hər nəfəsdə,
Eşitdiyimiz hər səsdə
Yanımızdadır ölüm…
Biz qorxuruq ölümdən,
Sevgimiz də qorxur,
Və ölümə təslim olur.
Ən vəfalı dostumuz,
Ölümdür, ölüm.
Biz qorxduqca ondan,
Bizimlə birlikdə
Özünü də öldürür ölüm…
Ölümdən sonra ölüm yoxdu ki!
Qalır sevgi və əməllərimiz,
Keçir ruhumuza,
Yaşayır sevdiklərimizin qəlbində,
Yaşayır,əbədi bir ölməzlik qazanır!
Əgər onları öldürməsək biz,
Əgər, Allahı unutmasaq biz…

 

             BİLƏYDİM 

Kaş bu baxışlarla,bircə anlığa,
Mən də uşaqlaşıb,baxa biləydim!
Baxaydım dünyaya onun gözüylə,
Onun yuxuların görə biləydim…

Mən yuxu görəydim onun gözüylə,
Gələydi yuxuma əziz atam da.
Yuxunun özündə yuxu tapaydım,
Tapaydım atamı yuxularımda.

Ana,atam indi hara gedibdir?
Soruşa biləydim,sora biləydim!
Anam:indi gələr,ay mənim balam,
Onun gəldiyini görə biləydim.

Təzəcə yer tutan ayaqlarımla,
Onun qabağına qaça biləydim,
Məni götürəydi o qucağına,
Mən də qürurlanıb,çox sevinəydim.

Daha necə yazım,yaza bilmirəm,
Duyğularım buna imkan vermədi.
Yox-yox yuxularda mən istəmirəm,
Qismət belə oldu,dövran vermədi…

 

Pressaz.az