Təranə Məftun:”Şəhid Anaları”… FOTO

 

            ŞƏHİD ANALARI

Uca dağ vüqarlı Şəhid anası,
Vüqarın içində dağ qəmə qurban.
Suya həsrət qalan sular sonası,
Köksündə yurd salan sitəmə qurban.

Düşmənin önünə oğul göndərib,
Bağrının başını qana döndərib,
Oğulsuz özünü sayan tək, qərib,
Gözündə çağlayan yaş, nəmə qurban.

Həyat bağçasının barıydı oğlun,
Evinin dövləti, varıydı oğlun.
Vətənin qeyrəti, arıydı oğlun,
Könlünü odlayan “Dilqəmə” qurban.

Ağzı bağlı qaldı oğul xonçası,
Qaldı dərilməmiş gülün qonçası.
Ürəyin olubdur kədər boxçası,
Ağzında, dilində turş təmə qurban.

Oğluna qız seçib elçi getmədin,
Ələ həna yaxıb nişan etmədin.
Arzu, muradına sən heç yetmədin,
Səni candan edən bu dəmə qurban.

 

BİR İLƏ QOCALAN ŞƏHİD ANASI

Ömrünün ən gözəl çağı dəyişdin,
Bir ilə qocalan ŞƏHİD ANASI!
Borana çiçəkli bağı dəyişdin,
Bir ilə qocalan ŞƏHİD ANASI!

Bir oğul böyütdün mübariz, mətin,
Ona nümunəydi sənin qeyrətin.
Sınmağa qoymadı səni qüdrətin,
Bir ilə qocalan ŞƏHİD ANASI.

Bir oğul böyütdün vətən sevgili,
Qəlbdə əsir qalan yurdun nisgili.
Çıxmamış heç şəhid oğlunun ili,
Bir ilə qocalan ŞƏHİD ANASI.

 

TƏRANƏ MƏFTUN –  Pressaz.az