Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır- Niyaməddin Əsgərov
Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu baxımdan cari ilin 25 sentyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirmişdir: “İki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”.
Əlbəttə ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı başladılmış antiterror tədbirləri ilə suverenlik və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin Naxçıvana təsadüf etməsi də xüsusi bir siyasi mesaj sayıla bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə və çıxışda da bu mesajlar aydın şəkildə verildi:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır”.
Türkiyə Prezidenti deyib ki, antiterror tədbirinin qısa müddətdə tamamlanması Türkiyə üçün də iftixar mənbəyi olub: “Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndiriləcəyinə ümid edirəm. Artıq Ermənistanın Azərbaycanın barış əlini tutmasını və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik”.
Dövlət başçıları həmçinin İğdır-Naxçıvan qaz kəmərinin təməlini atıb, eləcə də Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılışında iştirak ediblər. Bundan başqa, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladı. Ölkə başçısı cənab İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirərək qeyd etmişdir: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.
Azərbaycan antiterror tədbirlərindən sonra bütün Qarabağda suveren hüquqlarını tədricən bərqərar edir. Bu tədbirlər bundan sonra baş verə biləcək bütün müsbət proseslərin önünü açmaqla yanaşı, həm də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün geniş imkanlar açır. Məhz belə bir mərhələdə cənab Ərdoğanın Naxçıvana səfəri təbii ki, özü-özlüyündə mühüm bir addımdır.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.