Solmaz Qəribel – Ramilə Atəş: ,,Narahat könlüm”şeirinə deyişmə

Solmaz Qəribel – Ramilə Atəş: Deyişmə

                ,,Narahat könlüm”

Solmaz Qəribel
Nədəndir bilmirəm,tələsir könlüm,
Yer tampır özünə narahat könlüm.
Elə bil,dünyadan bezib,qocalıb,
Yer tapmır özünə narahat könlüm.

 

Ramilə Atəş
Ömrümü,günümü yellərə verən,
Məni məndən alan divanə könlüm,
Bu qoca dünyadan məni bezdirən,
Ruhumla oynayan divanə könlüm.

 

Solmaz Qəribel
Yuvasından perik quşa dönübdür,
Çağlanır,ağlanır,daşa dönübdür,
Yanaqda quruyan yaşa dönübdür,
Yer tapmır özünə narahat könlüm.

 

Ramilə Atəş
O quş yuvasına dönəcək bir gün,
Qarabağ elim də güləcək bir gün.
Gözdə sevinc yaşı dinəcək bu gün,
Könlümə təsəlli,divanə könlüm.

 

Solmaz Qəribel
Dost-yoldaş yolunda yandı,kül oldu,
Dünyanın dərdini qandı,kül oldu,
Açmadı qönçə gül,yandı,kül oldu,
Yandı öz-özünə narahat könlüm.

 

Ramilə Atəş
O qəlb ki,alışır dost-yoldaş üçün,
Qoy yanıb kül olsun,belə yaxşıdır.
Namərdə dost deyər,peşiman dilim,
Lal olsun,dinməsin,divanə könlüm.

 

Solmaz Qəribel
Bir yola çıxıbdır sonu bilinməz,
Bir həsrət çəkir ki,sonu görünməz.
Əhdinə,andına,sadiq,bölunməz,
Düz oldu sözünə narahat könlüm.

 

Ramilə Atəş
Hər yolun bir sonu,bir ünvanı var,
Hər həsrət çəkənin,vüsalı var.
Əhdinə,andına sadiq kəslər var,
Sən də sevinərsən,divanə könlüm.

 

Solmaz Qəribel
Hərdən elə susur,sanki danışmaz,
Üz qarsan alovdan,yanmaz,alışmaz.
Heç zaman gerçəyi gizlədib danmaz.
Hər zaman sözünə narahat könlüm.

 

Ramilə Atəş
Hərdən hay qoparar üsyan eyləyər,
Gah zildən söyləyər,gah bəmdən mənə,
İçimi yandırar,atəşlə yaxar,
Atəşlə alışar,divanə könlüm.

 

Pressaz.az