Siyasi dialoq mühiti – FOTO

Ölkəmizin öz ərazi bütövlüyünün bərpasından sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Artıq qeyd etdiyimiz kimi, YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. Partiyamızın VII qurultayını əlamətdar edən mühüm faktorlardan biri də əlbəttə ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Həmin tarixi gündən sonra keçmiş dövr ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikasında son illər sosial, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə həyata keçirilən məqsədyönlü məntiqli siyasət, irimiqyaslı fundamental islahatlar dövlətimizi sürətlə dünyanın inkişaf etmiş ölkələri sırasına yaxınlaşdırmış, bir çox sahələrdə böyük uğurlar əldə edilmiş, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. Dövlətimiz dünya siyasəti arenasında öz yerini möhkəmləndirmiş, siyasi və iqtisadi müstəqilliyimizin qorunması istiqamətində hazırda balanslaşdırılmış siyasət həyata keçirilməkdədir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlərin əhəmiyyətini vurğulamaqla yanaşı, qeyd etmək lazımdır ki, ölkə əhalisinin mənəvi həyatı, əxlaqi normaların, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və ümumən dövlətin ideoloji əsaslarının formalaşdırılması istiqamətində görüləcək işlər çoxdur.
Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür. Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.