Siyəzəndə Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş möhtəşəm tədbir keçirildi
3 noyabr 2018-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Cabir Novruz Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə Siyəzən Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş möhtəşəm tədbir keçirildi. Tədbirdə respublikanın görkəmli alimləri, elm adamları, yazarlar, Müşfiq poeziyasının pərəstişkarları iştirak etdi. Çıxış edənlər ölməz şairin həyatından, onun yaradıcılığından danışaraq bildiriblər ki, Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın hiss olunur. Şeirlərində əks olunan türkçülük ideyaları amansız taleyin sərt qaydalarına dirənən qısa şair ömrünün ən mənalı fikirləridir.
Tədbir tanınmış incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş ifalarla davam edib.