Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir – FOTO

 

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur.
Dövlət başçısının söylədiyi kimi, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
Ədalətsiz yanaşmadan söz açan dövlət başçısı bildirdi ki, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.
Ölkə başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir.
Dövlətimizin başçısı qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq.
Dövlət başçısı qeyd etdi ki, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi.
Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər.
Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.
Tarixi zəfərimizdən sonra xalqımız artıq bu dəhşətli faciənin ildönümünü fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qisası alındı. Müzəffər ali baş komandan İlham Əliyev Xocalı şəhərində, öz çıxışında belə demişdir.
İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.