Seyyid Samir İsmayılzadə – Yeni şeirlər…
ALLAHA SARI…
Əhlibeytə söykən qurana sarıl
Hər fani arzudan,xəyaldan qırıl.
Malından canından dostlardan ayrıl
Gəl gedək dünyadan Allaha sarı.
Susmaq dəyər qatır çox nəfəslərə
Məna sözə candır, söz də səslərə.
Sən yönəl sözdəki dərin hisslərə
Hissdəki mənadan Allaha sarı.
Varmı doğma oğru, varmı yad oğru
Qəlbin meyl etməsin dünyaya doğru.
Adəm meyl etsə də Həvvaya doğru
Yönəldi Həvvadan Allaha sarı.
Kaş ki biz Allahı sevə biləydik
İynədən keçərmiş dəvə biləydik.
Seyyidi bir yolçu görə biləydik
Bu iki misradan Allaha sarı.
ARAMIZA QAYIT GƏL
Bu gün varıq sabah yox
Axı bizdə günah yox
Bu gedişə izah yox
Aramıza qayıt gəl.
Bir evdə sevinc səsi
Birində qəm naləsi
Bu həyata həvəsi
Ürəyimdə ovut, gəl
Aramıza qayıt gəl.
Dünya yalan, mən yalan
Hər doğruda min yalan
Dünyaya qarşı olan
Qəzəbimi soyut, gəl
Aramıza qayıt gəl.
Mən özümü yoraram
Qəlb dağımı yararam
Tanrıya yalvararam
Tutaram ki, qunut, gəl
Aramıza qayıt gəl.
Gozümün yaşı yoxdur
Bu yozulmaz yuxudur
Ürək qanlar axıdır.
Yaramızı qurut gəl
Aramıza qayıt gəl.
Başdan öndədir qarın
İnsanlar olub harın.
Əlinin zülfüqarın
Hazır əlində tut gəl.
OLUR
Bir dəqiqə içində insan necə insana uzaq olur, yad olur.
Bir sözün ucbatından min yaxşılıq etdiyin bir ürək bərbad olur.
İnsan acımasızdır,könül qırmaq bir budaq qırmağdan çox asanmış
Budaqlar çiçəklənir onlar özləri belə qəlbə qol-qanad olur.
Yüz yaxşılıq edincə bir tək yaxşı niyyətə sahib olmaq yaxşıdır
Dostdan dosta həyatda edilən yaxşılıq yox, qalan etimad olur.
Seyyid Samir İsmayılzadə -Pressaz.az