“Şeir qadın”…– Zərifə İslam
Şeir Qadın!…
Bir şeirin misralarına sığmayacaq qədərdir bir şairin ömrü. O sətirlər, o misralar qədər nəfəs alır bir şeir. Bəzən şeiri gözəl bir qadına bənzədirlər. Mənə görə ən gözəl qadın bir ruhdur. Bu ruhu isə şeirə bir qadın üfürür, ona Tanrı kimi can verir, alın yazısını yazır. Və məncə bu qabiliyyət yalnız şeir yaza bilən bir
qadına məxsusdur. Sizlərə bəhs edəcəyim xanım bu qabiliyyəti bacaran, sözlərin ən gözəlini yazan şair,publisist, “Telli Sənəm” jurnalının təsisçisi Telli xanımdır. Telli xanımı tanıdığım zaman bəlkə, şeirin bir
gözəl qadın olduğunu anlamışdım. Onun simasında poetik bir obraz dayanırdı. Bu obraz sanki, əsl
Azərbaycan xanımı idi, ana idi və ən əsası şair idi. Sözlərində bir Azərbaycan poeziyasının həzin
zümzüməsi duyulurdu. Səsinin ahəngində milli bir ahəng vardı.
Bəzən şeirin bir nəfəslik ömrü var deyirlər. Amma bir nəfəsə sığacaq o qədər dəyərli ömürlər var ki…
Bu gün tanıdığım dəyərli xanım Telli xanımın doğum günüdür. Mən deyərdim ki, onun şeir kimi yazılan
ömrü Azərbaycan poeziyasında misilsiz bir imzadır. Telli xanımın ömrünü bir damla mürəkkəbdən
yaranan, lakin sonsuzadək davam edən bir şeirə bənzədirəm. Bu ifadəni yazdığım zaman sevgili şairim
Corc Bayronun bu aforizmini xatırladım:
“Bir damla mürəkkəb, bir milyon insanı düşündürür”…
Bəzi yazılar itmir, yandırılsa belə, küllərindən doğur.Bəzi insanlar isə tarixə iz qoyur. Kimisi əməli
ilə, kimisi sözü ilə. Söz böyük qüvvədir. O qədər böyük qüvvədir ki, Allahın müqəddəs kitabı Qurani Kərimdə belə “qələm sahibləri” müqəddəs sayılır. Telli xanımın həqiqətəndə, dəyərli bir qələmi və dəyərli bir ömrü var. Bu ömürün firavan və yaradıcılıqla dolu olmasını arzu edirəm. Yaxşı ki, bu həyatda onun kimi Azərbaycan poeziyasını tanıdan, yayımlayan, çağdaş ədəbiyyata yeni nəfəs verən bir şair var. Sizinlə qürur duyuruq, Telli xanım!…
Zərifə İslam – Pressaz.az