SAMİR HƏSRƏT: Məni sevdiklərim yaşadır Allah
Məni sevdiklərim yaşadır Allah
Sevgi axtararkən kədər tapmışam
Ümidim payıza, qışadır Allah.
Yenə də ayrılıq qapımı döydü
Sevinclə kədərim qoşadır, Allah.
Çoxunu gözümdə mələk görmüşəm
Çoxunun qəlbində kələk görmüşəm.
Çoxunda bir cılız ürək görmüşəm.
Yaxşılıq etsəm də boşadır, Allah.
Bəxtlə qismətimin gözü kor oldu
Həsrət də hicran da mənə yar oldu.
Bu dünya gör necə mənə dar oldu
Məni sevdiklərim yaşadır, Allah.
Mənə sənsizliyi yaşatma gülüm
İstəsən ölümə elçi düşərəm
Alovda yanaram, odda bişərəm
Səninlə bir ömür birgə yaşaram.
Mənə sənsizliyi yaşatma gülüm.
İstəsən ömrümü verərəm sənə.
Mən boyun əyərəm kədərə qəmə.
Yetər ki, ayrılıq bəxş etmə mənə
Mənə sənsizliyi yaşatma gülüm.
Qəlbində yanar bir közə dönərəm
Dilində ən gözəl sözə dönərəm.
Mən sənsiz günəştək yanar sönərəm
Mənə sənsizliyi yaşatma gülüm.
Ömrümün sənsizlik çağı
Yatağım soyuqdur əllərim kimi
Ürəyim isinməz şirin sözündən.
Həsrətin ruhumu incidir mənim
Dərd gəlib yuvasın qurub dizimdə.
Ömrümün sənsizlik çağındayam mən
İçimdə son ümid çöpü də sönüb.
Hər zaman sevginlə gülən ürəyim
Gör necə sakit bir adaya dönüb.
İlahi, nə olar ovut qəlbimi
Yandırır qəlbimi bu hicran dağı.
Onun gözlərindən gözümə nur ver
Həsrətdən gözlərim kor olub axı.