ŞAİR TOFİQ NURƏLİ: ŞƏHİDLƏR XİYABANINDAN GƏLƏN SƏSLƏR…(“Tənha payız yarpağı” adlı kitabından)

ŞƏHİDLƏR XİYABANINDAN GƏLƏN  SƏSLƏR…

Siz mənim balamı ac saxlamayın,
Gəlinimə baxmayın namussuz kimi.
Vallah, bu məzarı yarıb çıxaram
Yarram kəllənizi çürük qoz kimi.
Soyuqdan üşüyən, donan balama
Dilənçi deməyin, səfil deməyin. …
Mən öldüm torpağı Vətən etməyə
Vallah məzarıma gəlib dəyməyin….,
Vüqarım əyilməz, ruhum inciməz…,
Siz mənim balama yetim deməyin,
İrişə-irişə baxmayın ona,
Qabaqdan qalanı atmayın ona….
Mənimtək kişinin balasıdır o….
Hələ dərk etməyib o kimliyini
Hələ fəxr bilmir yetimliyini
Bizim qanımızı alasıdır o.
Siz mənim qanımla kişi olmusuz….,
Qanımın üstündə gəzirsiz indi…,
Başçısız, rəissiz, nazirsiz indi….,
Hakimsiz, vəkilsiz, vəzirsiz indi
Siz mənim qanımla kişi olmusuz…
Qanımın üstündə gəzirsiz indi…..
Soxub başınızı pula, rüşvətə
Qeyrəti, namusu çevirib ətə
Belə ağır – ağır fısıldayırsız.
Siz insan deyilsiz, vallah çayırsız,
Qol-budaq atırsız qan içə-içə,
Vətəni, torpağı, arı, namusu
Qeyrəti satırsız qan içə-içə….
Vətəni biz kimdən qoruyaq, Allah?!
Çölündən, içindən qoruyaq, Allah?!
Qoymurlar, qoymurlar uyuyaq Allah.
Şəhid eyləyirlər bizi təzədən,
Tökürlər qanını ruhlarımızın….
Alçaqlar azdırıb bizi təzədən
Tökürlər qanını ruhlarımızın
Qətlə yetirirlər bizi təzədən.
…Siz mənim yurdumu viran qoymayın
Ey yurdu, vətəni bilinməyənlər
Ey uzunu -eni bilinməyənlər….
….Siz mənim balamı ac saxlamayın,
Gəlinimə baxmayın namussuz kimi….
Vallah, bu məzarı yarıb çıxaram,
Yarram kəllənizi çürük qoz kimi…..

30.11.1995

Pressaz.az