Şair Rövşən Budaq: Milyon il sonra
MİLYON İL SONRA
Elə bil hardasa görüşmüşük biz,
Elə bil tanışıq milyon il qabaq.
Necədə doğmadı şair təbimiz,
Nə qədər yaxınsan, mənə bu sayaq.
Yaşayıb milyon il xəyallarımda
Hər gecə yuxuma qonaq gəlmisən.
Bu uzun zamanda röyalarımda
Tanrıdan könlümə ilham vermisən.
Günlərin bir günü göylərdən enib,
Qarşıma çıxmısan alın yazımtək,
Ən ülvi hislərin sehrinə dönüb,
Qəlbimə axmısan könül sazımtək.
Gözündə-könlündə həzin duyğular,
Nəğməylə köklənib ruhunun simi.
Bu sevda bitməz heç dünya dağıla,
Bu seir aləmi, bu söz tilsimi.
Toqquşur o məsum baxışlarımız,
Çaşırıq milyon il qabaqkı kimi.
Sənət aləmində naxışlarımız,
Açılır züləmtin sabahı kimi.
Milyon il fırlanır Yer elə-belə,
Sən yenə gözəlsən, sanki mələksən.
Milyon il sonrada yaşayıb hələ,
İlk görüş anını gözləyəcəksən.
Pressaz.az