Şair publisist Ramilə Atəş: “Qələbəmiz tarixi qələbədir!”
44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur. Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə, işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaradıldı.
Bir sözlə, Qələbəmiz tarixi Qələbədir. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi nəticəsində 300-ə qədər yaşayış məntəqəmiz, 4 qəsəbə, 5 şəhər işğaldan azad edildi. Üç rayonu- Ağdam, Kəlbəcər və Laçını isə düşməni məcbur edərək qaytardıq. Artıq yeni yazılan tariximizdə torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alıb.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.
ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!
Şair publisist, Qızıl Qələm Media mükafatı laureatı, Pressaz.az xəbər portalının rəhbəri Ramilə Atəş