Şair publisist Püstə Rəvan:”Ölməz sənətkar Qulu Əsgərov yaşasaydı 96 yaşı olardı.” – FOTO

 Ölməz sənətkar Dayım Qulu Əsgərovun 18 dekabr doğum günüdür. Yaşasaydı 96 yaşı olardı. Allah sizə qəni-qəni rəhmət eləsin əziz dayım.  Məkanın cənnət, ruhun şad olsun!

               QULU DAYIM

(Dayım Qulu Əsgərova ithaf edirəm)

Səni sevdi bütün ellər, qoca, cavan, qız, gəlinlər.
Xəzan vurmuş baxçalarda çiçək açdı solan güllər.
Elə səslə oxudun ki, lala döndü yaz bülbüllər,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.

Bu xəbərdən küskün kimi boyun əydi qərənfillər,
Elə bil ki, xəzan vurdu, açılmadı xəzan güllər.
Qara geydi, yas saxladı səni gözən qara gözlər,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.

Qəlb oxuyan nəğmələrin sənsiz qaldı bu dünyada,
Səni sevən Azərbaycan sənsiz qaldl bu dünyada.
Sən nəğməli yanar ocaq közün qaldı bu düyada,
Neçə qəlbi ağlar qoydun, köç eylədin Qulu dayım.

Görən nə vaxt, kim göğacaq Qulu səsli bir oğul,
Mümkündürmü əvəz etsin səni sən tək səsli oğul.
Zaman bir də verə bilməz bu torpağa sən tək oğul,
Sən əvəzsiz sənətkar tək, köç eylədin Qulu dayım.

Ölməz səsin qüdrətindən solan güllər çiçək açmış,
Qaranlıqlar dünyasına sanki günəş, nurun saçmış,
İki sevən daha qəlbən bir-biriə könül açmış,
Gör neçə min ürəklərdə yuva saldın Qulu dayım.

Anaların laylasına çevrilmişdi həzin səsin,
Körpələrə dil açmağa nəğmə idi sehri səsin.
Dərd çəkəsi xəstələrə bir məlhəmdir sirli səsin,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.

Eşq oduna yanmağınla pərvanəlik səndə idi,
Saf məhəbbət ülvi sevgi divanəlik səndə idi.
Könülləri birləşdirən əfsanəlik səndə idi,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.

Sən sağ ikən ölməzliyi qazanmışdın sənətinlə,
Əl çatmayan zirvələrdə bir günəşdin şöhrətinlə.
Sevgi payı bəxş etmişdin düzdən təmiz niyyətinlə,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.

Allah sənə qıya bilməz, bəd nəzərdən gözə gəldin,
Çün ecazkar səsinlə sən Yusif camal bir mələkdin.
Ölməz sənətkar dünyasında ulduzlara bir günəşsən,
Günəş sönər? Niyə söndün belə qəfil Qulu dayım?

Hər bir eldən, hər obadan qəlb oxşayan səsin gəlir,
Demək sağsan yaşayırsan çiçək kimi ətrin gəlir.
İlk mənzilin-son mənzilin Salyana dünya gəlir,
Sən sevildin dünya qədər, köç eylədin Qulu dayım.

Qəbrin üstə gəlirəm mən məzarına baş əyirəm,
Əldə Quran, dildə yasin sənə min rəhmət deyirəm.
Elə bu gün ölənədək əyniə qara geyirəm,
Ürəyimdə yuva saldın, köç eylədin Qulu dayım.


Şair publisist PÜSTƏ RƏVAN