Şair publisist Nizami Qərib:”QƏRİBƏM”… FOTO – VİDEO

                QƏRİBƏM

Soruşma, a dostum, təxəllüsümü,
Vətəndə vətənsiz qalan Qəribəm.
Yaşamaq eşqini, həyat nurunu,
Sözün qüdrətindən alan Qəribəm.

Sübh çağı çiçəklə şeh görüşəndə,
Yaşıl yarpaqlarla meh görüşəndə.
Hər dəfə yadına Göyçə düşəndə,
Gözləri buludtək dolan Qəribəm.

Demə bu nə ağrı, bu nə nisgildi?
Bir yaram Güneydi, bir yaram Cildi.
Az qalıb yetişə otuz beş ildi,
Ürəyi həsrətdən talan Qəribəm.

Gözün gördüyünə dil susub deyə,
Özünü kirpikdən yaş asıb deyə,
Yurda gedən yolu ot basıb deyə,
İzini vərəqə salan Qəribəm.

Nizami Qərib.
03.11.2022.

SEVGİSİZ DÜNYADA YAŞAMAQ OLMUR

Payıza versə də bahar yerini,
Məhəbbət bağının çiçəyi solmur.
Çəkmək çox çətindir dərdi-sərini,
Sevgisiz dünyada yaşamaq olmur.

Sevgi sevənlərə eldir, obadır,
Sevgi yanar ocaq, isti yuvadır,
Sevgi insan üçün sudur, havadır,
Sevgisiz dünyada yaşamaq olmur.

Məhəbbət olmasa boş keçər ömrün,
Payız keçər ömrün, qış keçər ömrün.
Sevməyi bacarsan xoş keçər ömrün,
Sevgisiz dünyada yaşamaq olmur.

Min dəfə bulanıb, durulub dünya,
Yenə də özünə vurulub dünya.
Sevgi üzərində qurulub dünya,
Sevgisiz dünyada yaşamaq olmur.

Nizami Qərib.
14.11.2022.

               AY QUMAŞ NƏNƏ
(Göyçəmizin nur üzlü anası Qumaş nənəyə ithaf)

Səndən ana yurdum ulu Göyçəmin,
Ətrini alıram, ay Qumaş nənə.
Şirin xatirələr dilə gələndə,
Buludtək doluram, ay Qumaş nənə.

Qayada gördüyüm kəklik, turacı,
Uzanıb yatdığım çəmən, yamacı,
Şövqlə oynadığım çilingağacı,
Yadıma salıram, ay Qumaş nənə.

Göz yaşım sığışmır bəndə, bərəyə,
Dərdim hücum çəkir dağa, dərəyə.
Hər səni görəndə dönüb geriyə,
Mən uşaq oluram, ay Qumaş nənə.

De, həsrət bu qədər niyə uzandı?
Kimlər yurd itirdi, kimlər qazandı.
Nizami Qəribin ömrü xəzandı,
Qürbətdə soluram, ay Qumaş nənə.

Nizami Qərib.
12.11.2022.