Şair-publisist Nizami Qəriblə müsahibə : “Bağışla mən adlı balanı, Göyçə”!…

Əziz oxucularımız, bu gün  Pressaz.az -ın  qonağı  müasir mərhələdə Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür və intellekt siferasına məxsus sənət adamlarından biri, əslən Qərbi Azərbaycanın Göyçə Mahalından olan, vətənpərvər insan,  Azərbaycan -Türkiyə jurnalının redaktoru, nəğməkar şair, publisist Nizami Qəribdir (Şahgəldiyev). 

 

Şairin dövrü mətbuatda bir çox şeirləri dərc edilib. Bir neçə mahnıları tanınmış müğənnilər tərəfindən oxunub.
“Ilhamla irəli”, “Can Azərbaycan”
“O dağlarda” , “Çəkirik Zəfərlə yol Qarabağa”, “Zəfər çaldın Azərbaycan”, “Gülərüz”,  “Nə mənası var” və sair…
Bir çox dövlət televizyalarının qonağı olub, hətta şairin bir çox şeirləri ölkəmizdən kənarda, Türkiyədə Anadolu Dernek TV -də şair-publisist, “Aşıklar Kültür Dünyası”verilişində aparıcı, şair-publisist Cezayir Cengiz tərəfindən ifa olunub.  Sevgi şeirləri bir çox tanınmış qiraətçilər Eltun Türkel, Məhparə Ümid, Atlaz Rizayi tərəfindən sevilə-sevilə qiraət olunur.

Nizami Qəribin yaradıcılığını uzun müddətdir ki, izləyirəm. Onun “Sızlayan kamanım, ağlayan sazım” kitabını vərəqlədikcə görürsən ki,  bu kitab müəllifin şəkilaltı versiyalı misraları ilə açılır, onun söz dünyasına, şeir aləminə, duyğular dənizinə dalır insan…Və görürsən ki, hər bənddə, hər misralarda deyilən mətləb onun poetik amalı, bədii-estetik kredosudur…Onun poeziyasının başlıca bir meyarı var: Bütöv Azərbaycan – Müstəqil Azərbaycan – Azərbaycan dövlətçiliyi! Bu amala zərrə qədər, zərər gətirən hər şey ona bir dağ, həm də sinədağ görsənir, səsi, sözü, şeiri “Azərbaycan harayı”na çevrilir. 

Xoşa gələn cəhətlərdən biri budur ki, onun hər hansı şeirində düşüncənin təzyiqinə məruz qalması hiss olunmur. Onun şeirləri rəvan və oxunaqlıdır. Aşıqsayağı sadəlikdədir. Bu şeirlərdəki bəndlər asanlıqla, cəmi bir-iki dəfə oxunmaqla yaddaşa köçə bilir.

Nizami Qəribin Pressaz.az -a verdiyi müsahibəni sizlərə təqdim edirik:

  • Salam, Nizami müəllim. Özünüzü bir daha oxucularımıza təqdim edərdiniz.

-Şahgəldiyev Nizami Vəriqə oğlu, ədəbi təxəllüsüm Nizami Qərib

  •  Nə vaxtdan şeir yazmağa başlamısınız?

-İlham təbim yaz deyəndən.

  • Şeirlərinizin çox hissəsi vətənpərvərlik ruhunda yazılıb. Nizami müəllim, nədən “Qərib” təxəllüsünü seçdiniz?

– “Sən orda qəribsən, mən burda Qərib,
Bağışla mən adlı balanı, Göyçə”.

Hər bir insanın doğulub boya-başa çatdığı yurdu onun üçün doğmadı. Düzdür Azərbaycanın hər qarışı mənə doğmadı, ancaq qeyd elədiyim kimi insanın doğulduğu yer başqadır. Mən 33 ildir Göyçə həsrəti çəkirəm…

  • Şeirlərinizə qarşı kiminsə fikir bildirməsi sizinçün maraqlıdırmı?

– Təbii ki, hər kəsin fikri maraqlıdır. Ziyalı da, orta təbəqə də, çünki hər kəsin subyektiv fikri var. Hər fikirdə isə bir yenilik tapmaq olar, diqqət yetirsək.

  • Nizami müəllim, ədəbiyyat, poeziya sizin üçün nədir?

– Hisslərimin tərənnümü…

  •  Poeziya elədir ki, müəyyən dövrdən sonra şair özünü təkrarlamağa başlayır. Sizdə bu proses baş verdimi?

– Çalışmışam başqasını təkrarlamayım, özümdən zərər yoxdur.

  • Son zamanlar cəmiyyətimizdə şairə yüklənən statuslar artıb. Sanki şair hər şeyə etiraz etməli, qarşı çıxmalı və hər bir sahədən məlumatlı olmalıdır. Bu fikirlə razısınızmı?

-Əslində, şair xalqın hisslərini, qlobal problemləri ədəbi üslubda oxucularına çatdırmalıdır.

  • 44 günlük müharibə ərzində vətənpərvərlik ruhunda yazılmış şeirlərinizlə insanları qələbəyə səslədiniz, əsgərlərimizə mənəvi dəstək oldunuz. Hətta şeirlərinizə mahnılar bəstələndi. O anlarla bağlı hisslərinizi, bilmək istərdik.

– 44 günlük müharibədə hər sahənin insanları mübarizə apardı. İstər ön cəbhədə, istər arxa cəbhədə. Biz yazarların da üzərinə düşən xalqı ruhlandırmaq, xalqı mübarizəyə çağıran yazılar yazmaq idi. Nə xoşbəxtəm ki, bu Vətən müharibəsində mənim də bir vətəndaş kimi azacıq töhvəm var və bu yazılara da mahnılar bəstələndi.

  •  Sizi nə ruhdan sala bilər? Heç “daha yazmayacağam” dediyiniz an olubmu?

– Məni bəzən oxucuların laqeydliyi ruhdan salır, ancaq tez düşünürəm ki, bu gün ölkəmizdə maşallah, qələm əhli çoxdur, hər kəsin oxucusu var və bir oxucu bir neçə şairi oxuyur.

  •  Yaradıcı adamın bir qanadı, şübhəsiz ki, istedaddır. Sizcə, onun ikinci qanadı nədir? Etiqaddırmı, bilikdirmi, təmiz qəlbdirmi? 

– İkinci qolu ürəkdir, ürəkdən yazılan şeir təfəkkürün süzgəcindən keçəndə daha oxunaqlı olur.

  • Şeirdə ən mühüm nədir? Əlbəttə, aşağıdakı amillərin hər birini, istedad və məhəbbəti əsas götürərək, göstərmək olar: obrazlılıq, dərin fikir və fəlsəfi xülasələr, ruhi mənzərələrin ani, həm də əbədi təsvirləri və ya həyatilik. Sizcə, bunların hansı birini ön plana çıxarmaq mümkündür?

-Hər şeirin öz oxucusu var, bunların hamısından istifadə oluna bilər, bir neçəsindən də istifadə oluna bilər, əsas odur ki, oxucunun ürəyindən keçənləri misralara köçürə bilək.

  • Oxucularımıza son sözünüz. Onları sevindirəcək yeni bir xəbəriniz varmı?

-Bəli, oxucularıma çox təşəkkür edirəm ki, dəyərli zamanlarını ayırıb mənim şeirlərimi oxuyur, dinləyirlər. Təbii ki, mənim də onlara şad xəbərim var.  “Daha bu vağzala gələn deyiləm” adlı  ikinci kitabım yaxın günlərdə oxucuların ixtiyarına veriləcək. Ümid edirəm ki, bu kitabda oxucularımın ürəyincə olacaq.  

  • Nizami müəllim, səmimi və maraqlı söhbətiniz üçün sizə təşəkkür edirik və sizi Ramazan ayının gəlişi münasibətilə təbrik edirik.  Allah oruc və dualarınızı qəbul etsin. 

– Çox sağ olun. Dəvətiniz üçün sizə təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram. Pressaz.az kollektivini və bütün Azərbaycan xalqını bu müqəddəs ay münasibətilə təbrik edirəm. Allah tutulan orucları, edilən duaları qəbul etsin. 

  • Amin! Sağ olun

 

Könül Səssiz – Pressaz.az