Şair-publisist Nizami Qərib – Yeni şeirlər VİDEO

ğ

               QƏMİM AZALSIN

Sənsiz hər gün keçir günüm qaranlıq,
Gözümdə səhradır dağlıq, aranlıq.
Bəsdir bu ayrılıq, gülüm bir anlıq,
Azacıq gülümsə, qəmim azalsın.

Demə qardaşın var, demə bacın var,
Demə ürəklərdə taxtın, tacın, var,
Sənin varlığına ehtiyacım var,
Azacıq gülümsə, qəmim azalsın.

Nə səndə günah var, nə də ki, məndə,
Sevgimiz yol azdı dumanda, çəndə.
Mən ki, xoşbəxtliyi tapmışam səndə,
Azacıq gülümsə, qəmim azalsın.

Bu qədər yad bilmə məni, günahdır,
Axı hər gecənin sonu sabahdır.
Hər günüm nalədir, hər günüm ahdır,
Azacıq gülümsə, qəmim azalsın.

Könlümü vermişəm sənintək yara,
Fələk qismətimi çəkibdir dara.
Mən sevgi məhkumu, mən bəxti qara,
Azacıq gülümsə, qəmim azalsın.

 

SƏNLİ GÜNLƏRİMƏ QAYIDAYDIM KAŞ

Əllərin əlimdən uzaqda qalıb,
Sevən ürəyimi dərdlərə salıb.
Ömrümü zamanın əlindən alıb,
Sənli günlərimə qayıdaydım kaş.

Arzular dil açır könül bağımda,
Kövrək hisslərimin həsrət çağında.
Gül-çiçək açaydı sevgi bağımda,
Sənli günlərimə, qayıdaydım kaş.

Nə qədər getdiyin yollara baxım?
Solan ümidləri yandırım, yaxım.
Sənsiz bəxt ulduzum parlamır axı,
Sənli günlərimə qayıdaydım kaş.

Dünya zülmətimdir, kor oldum, gülüm,
Közərdim, közərdim qor oldum, gülüm,
Vallah, bu günümdən yoruldum, gülüm,
Sənli günlərimə qayıdaydım kaş.

Sel olub çağlayıb, coşub bir anda,
Yıxıb bənd-bərəni daşıb bir anda,
Keçilməz sədləri aşıb bir anda,
Sənli günlərimə qayıdaydım kaş.

Dəyişib bəxtimlə saçımda dəni,
Gülşənə çevirib çölü, çəməni.
Yolumdan çəkərək dumanı, çəni,
Sənli günlərimə qayıdaydım kaş.

 

               AGLA GET

Açıq qalıb sən gedəndən, dön geri,
Ümidimin qapısını bağla, get.
Qış həsrətin məni yaman üşüdür,
Buz bağlamış ürəyimi dağla, get.

Sandım bizi ayırammaz heç ölüm,
Ölümdən də ağır oldu bu zülüm.
Sənsiz nələr çəkdiyimi gör, gülüm,
Bu günümü bir xatirə saxla, get.

Sənsiz nələr çəkdiyimi bilməsən,
Qəlbə axan göz yaşımı silməsən,
Nizaminin sağlığında gəlməsən,
Barı gəlib məzarımda ağla, get.

 

 

 

 

Nizami Qərib -Pressaz.az