Şair publisist Nizami Qərib – Yeni şeirlər… FOTO
SÖZÜMDƏ MƏNİM
Başına mən dönüm, a nazlı ceyran,
Səsinə vurğunam, özünə heyran.
Hüsnün çox gözəldi, gözünə qurban,
Sevgin nur olubdur gözümdə mənim.
Qəlbin üz çevirib qəlbimdən küssə,
Ayrılıq tufanı yolumu kəssə.
Həsrətin küləyi üstümdən əssə,
Taqətim kəsilər dizimdə mənim.
Sənsən taleyimdə ilkin-əzəlim,
Gülüşü can alan, pünhan gözəlim.
Sənə həsr olunub şeirim, qəzəlim,
Hər gün ucalırsan sözümdə mənim.
AYRILDIQ
Hicran atəşində, həsrət odunda,
Ümidlər közərdi, yandı, ayrıldıq.
Unutqan bəxtimiz, kor taleyimiz,
Bizim sevgimizi dandı, ayrıldıq.
Nə qaldı ətirli güllərimizdən?
Birgə ötüb keçən illərimizdən.
Əmanət eşqimiz əllərimizdən,
Düşüb şüşə kimi sındı, ayrıldıq.
Zaman ömrümüzdən gör nələr dərib,
Aparıb sevinci, qəm-kədər verib.
Viran könlümüzü kimsəsiz görüb,
Gəlib bir cüt bayquş qondu, ayrıldıq.
Nizami Qərib.
15.05.2023
NƏ BİLİM VALLAH
Böyüyü kiçiyə söz keçirəmmir,
Bu necə dünyadı? Nə bilim, Vallah…
Hər gün gördüklərim, bir gerçəkdirmi?
Bəlkə də, röyadır? Nə bilim. Vallah…
Yönsüzlər olubdur yönümü kəsən,
Səsimi doğrayıb, ünümü kəsən.
İnsan ürəyidir önümü kəsən,
Yoxsa daş-qayadır? Nə bilim, Vallah…
Qərib, qələmindir sözdən asılan,
Qəlbin ağrısıdır gözdən asılan.
Hər gün edam olub, üzdən asılan,
Abırdır, həyadır? Nə bilim, Vallah…
Nizami Qərib.
05.05.2023.