Şair – publisist Nizami Qərib: “YALTAQLARIN DÜNYASIDIR BU DÜNYA” – VİDEO

 

YALTAQLARIN DÜNYASIDIR BU DÜNYA.

Özlüyündə hər gədəsi bir bəydi,
Yaltaqların dünyasıdır bu dünya.
İnsan oğlu, qürurluya ögeydi,
Yaltaqların dünyasıdır bu dünya.

Güvənmə ki, ağlın başda, güc qolda,
Pulun yoxsa dostun olmaz sağ-solda.
Vəzifə də, şan-şöhrət də bu yolda,
Yaltaqların dünyasıdır bu dünya.

Hər adama kökdən keçmir, irsi yox.
Bir üzü var, saxta gülər, tərsi yox.
Məktəbi yox, sinifi yox dərsi yox,
Yaltaqların dünyasıdır bu dünya.

Yollarından çən-dumanı itirər,
Bağ-bağçanda gül-çiçəklər bitirər.
Var-dövləti özü çəkib gətirər,
Yaltaqların dünyasıdır bu dünya.

İnsan artır, insanlığın sonudur,
Göz yaşları qəlbin axan qanıdır.
Haqsızı da haqlı kimi tanıdır,
Yaltaqların dünyasıdır bu dünya.

Nizami Qərib.
27.02.2021.

                 DÜNYA

Dərdlər gəncliyimi yedi qurtardı,
Ömrümü aparıb gedən qatardı.
Nə ünüm yetəndi, nə əl çatandı,
Gör məndən nə qədər, uzaqsan, dünya…

Uyudum yalançı sığallarına,
Çıxıldım, bölündüm misallarına.
Cavab tapammadım suallarına,
Əzəldən imtahan, sınaqsan, dünya.

Haqq gedən yolları izlətmək üçün,
Kasıbı, yetimi sızlatmaq üçün,
Haram sifətini gizlətmək üçün,
Şeytan “bağasına” çanaqsan, dünya.

Gətirdin gözümə dumanı, çəni,
Bələdin saçıma vədəsiz dəni.
Nizami Qəribəm, qınama məni,
Sən özün özünə qınaqsan, dünya…

 

Nizami Qərib – Pressaz.az