Şair publisist Nizami Qərib: “Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi”. FOTO

Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir.

Heydər Əliyev  ədəbiyyatdan da, teatr və kino sənətindən də, musiqi və rəssamlıqdan da bəhs edəndə həmin sahələrə məhz dövlətçilik mənafeləri baxımından yanaşırdı. Azərbaycan dili, ədəbiyyatı, mədəni-mənəvi dəyərləri ümumilli liderin azərbaycançılıq fəlsəfəsinin, müstəqil Azərbaycanın milli və dövlət ideologiyasının əsas məxəzləri, bədii-fəlsəfi mənbələridir.

Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Dünyanın böyük yazıçılarından biri, nəhəng türk ədibi Çingiz Aytmatov “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir” deyirdi. Bu həqiqətən belədir. O, dünyanın qədim, böyük türk eposu “Kitabi–Dədə Qorqud”un 1300 illiyini bütün dünyada keçirməklə həm dastanın ilk növbədə Azərbaycan hadisəsi olduğunu sübut etdi, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail oldu.

         

            EY ULU ÖNDƏR

Saldığın bağ-bağça çiçəkdir bu gün.
Şehli tumurcuqlar ləçəkdir bu gün.
Şuşa arzuların gerçəkdir bu gün,
Ey Ulu Öndər.

Qoymadın haqq qalsın qolları bağlı,
Xalqı həmrəy etdin aranlı, dağlı.
Müstəqil dövlətin qəhraman oğlu,
Ey Ulu Öndər.

Sənin etdiklərin deyildir asan,
Ömrünü xalqına eylədin ehsan.
Qəlblərdə əbədi yaşayan insan,
Ey Ulu Öndər.

Bütün Türk dünyası eli, obası,
Könüllər fəth etdi xeyir-duası.
Körpə fidanların Heydər babası,
Ey Ulu Öndər.

 

Tarixi təcrübə – siyasi praktika təkzibolunmaz surətdə təsdiqləyir ki, ən görkəmli siyasi liderlər ictimai inkişafın böhranlı, dönüş məqamlarında meydana çıxırlar. Belə liderlər yaşayıb fəaliyyət göstərdikləri, rəhbərlik etdikləri cəmiyyəti mövcud çətinliklərdən azad olmağa yardım göstərən, siyasi və iqtisadi mahiyyətli tarixi proqramların təşəbbüsçüsü kimi çıxış edirlər. Atatürk, Ruzvelt, Heydər Əliyev məhz belə siyasi liderlər hesab olunurlar.

Heydər Əliyev şəxsiyyətinin miqyası Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının tarixi inkişafı, müxtəlif ictimai-siyasi mərhələlərdə tərəqqisi və eləcə də sosial iqtisadi inkişafın geniş dairəsi və istiqamətləri ilə şaxələnir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda mübarizəyə başlayan və bütün xalqı bu məqsəd uğrunda birləşməyə çağıran Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusu olmaq kimi şərəfli və tarixi missiyasının hüdudlarını genişləndirirdi.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə məhz belə milli mənsubiyyət mövqeyindən çıxış etmişdir. Müasir müstəqil Azərbaycanın varlığı məhz bu qüdrətli amillə bağlıdır və bugünkü dayanıqlı inkişaf ulu öndər Heydər Əliyevin layiqli yetirməsi 44 günlük tarixi Zəfəri ilə  artıq bütün dünyada Qalib  və Müzəffər Prezident kimi şöhrət qazanmış cənab İlham Əliyevin rəhbərliyi ilə uzaq gələcəyə yönləndirilən nəhəng tərəqqinin parlaq təzahürüdür.

Nizami Qərib – media.info.az