Şair publisist Müşviq Rafaeloğlunun söz dünyasından… FOTO + VİDEO

Qorxuram dağlara gedə gəlməyə

Dağların qoynuna şeh düşən zaman,
Bir cığır açmışdım gedib gəlməyə.
Ruhumu oxşadı o çiskin, duman,
Qorxuram dağlara gedə gəlməyə.

Şeh hopa lalənin yanaqlarına.
Meh vura süzülə dodaqlarına.
Bənzədə laləni ruhum yarına,
Qorxuram dağlara gedə gəlməyə.

Rəqs edir köpüklər çaylar daşanda,
Dərədən süzülüb, bəndi aşanda.
Vurxunub, çırpınır ruhum bu anda,
Qorxuram dağlara gedə gəlməyə.

Hürkək baxışıdı kəkliyin nazı,
Durnanın qatarı oyadar yazı.
Zəngulə vurdusa ruhumun sazı,
Qorxuran dağlara gedə gəlməyə.

Şəhərin sığalı saçımda dən-dən,
Xəstədir ilhamım o səs-küyündən.
Bir gün açılarsa ruhum düyündən,
Qorxuram dağlara gedə gəlməyə.

Bu həsrət artdıqca Müşviq canında,
Fırtına yaratdı coşdu qanım da.
Ruhumu tapmadım cismim yanında ,
Qorxuram dağlara gedə gəlməyə.

Ağlar qoydu o atalı çağ məni…

Simamdamı silinməyən qəhər var,
Kövrək-kövrək qarşıladı dağ məni.
Hər çiçəyin solaçağı səhər var,
Ovundurdu baxça məni, bağ məni.

Həzin-həzin oyatdıqca yaddaşı,
Yanağımda pıçıldaşdı göz yaşı.
Xatirələr simvoldu baş daşı,
Ağlar qoydu o atalı çağ məni.

Tər şeh idim buludlara dolmuşam,
Kürəyimi şimşək vurub, solmuşam.
Bir baxışın mən düçarı olmuşam,
Ey buludlar ağla məni, yağ məni.

Bir çeşmənin coşub-daşan qoluyam,
Həsrət boyda bir hicranın quluyam.
Mən Müşviqəm sinəsi dərd doluyam,
Qəm gərəksə aram-aram sağ məni.

Müşviq Rafaeloğlu -pressaz.az