Şair – publisist Gül Maya Feyruzqızının yeni şeirlər kitabı işıq üzü gördü

Vətənpərvər xanım, “Yurd” jurnalının əməkdaşı, şair publisist Gül Maya Feyruzqızının “Sözümün lalə dövrü” adlı yeni şeirlər kitabı oxucuların ixtiyarına verilib. İnanırıq ki, bu kitab da oxucuların ürəyincə olacaq.  

Pressaz.az kollektivi adından Gül Maya xanımı təbrik edir, ona  həyat və yaradıcılığında uğurlar arzulayır və Gül Maya Feyruzqızının yeni şeirlərini təqdim edirik:

VƏTƏN ÇAĞIRIRDI OĞULLARINI

Tarix imtahana çəkirdi yenə,
Fələk durmuşdu dərdin seyrinə,
Söykənib qırılmış ümidlərinə,
Vətən çağırırdı oğullarını.

Sinəsi üstünə çilənirdi qan,
Arzusu gözündə can verirdi, can,
Ağrının, əzabın qayalarından,
Vətən çağırırdı oğullarını.

Yuxusu qaçmışdı dağın,daşın da,
Rəngi qaralmışdı axan yaşın da,
Bu ulu millətin qan yaddaşında,
Vətən çağırırdı oğullarını.

Köçkün ellərimin ah -naləsiylə,
Seyidin,Cabbarın,Xanın səsiylə,
Yanıqlı Qarabağ şikəstəsiylə,
Vətən çağırırdı oğullarını.

Dünya göz yumsa da həqiqətinə,
Düşsə də taleyi dara çətinə,
İnanıb millətin ər qeyrətinə,
Vətən çağırırdı oğullarını.

Gördükcə bağında qəm sarayını,
Andı ərənlərin haqqı – sayını,
Qılınc tək sıyırıb öz harayını,
Vətən çağırırdı oğullarını.

 

QƏLƏBƏN MÜBARƏK,VƏTƏN ƏSGƏRİ!

Aldın ağrısını ötən hər dəmin,
Döyüş meydanından əminsən, əmin,
Zəfər soraqlıdı sənin qədəmin,
Qələbən mübarək,Vətən əsgəri.

Anlatdın zamanın sonun,əvvəlin,
Sönmüş ocaqları qaladı əlin.
Şanlı bir tarixdir sənin əməlin,
Qələbən mübarək Vətən əsgəri.

Sən oldun ünvanı bu həqiqətin,
Üzünü güldürdün ulu millətin.
Şuşa ətirlidir sənin qeyrətin,
Qələbən mübarək, Vətən əsgəri.

Qəlbim qanadlanıb vətən boyunca,
Adını vəsf edir könlüm doyunca.
Tutduğun bayraq tək ucasan ,uca,
Qələbən mübarək, Vətən əsgəri.

 

 QARABAĞ AZƏRBAYCANDIR

Şükür haqdan gələn uca dayağa,
Millət bir ordu tək qalxdı ayağa.
Sərkərdə dilində döndü bayrağa,
Yurdun hər qarışı bir əziz candı,
Qarabağ Azərbaycandır.

Yenilməz haraydı, bir ündü yollar,
Qələbə ətrinə büründü yollar.
Əsgər qədəmiylə öyündü yollar,
Zəfər təşnəsidi gör bir haçandı,
Qarabağ Azərbaycandır.

Şəhid oğulların adına qurban,
Onlara süd verən qadına qurban,
Şuşada içdiyi andına qurban,
Millət bu kəlama qucaq açdı,
Qarabağ Azərbaycandır.

Sinəmdə fərəhim söz- söz oyanır,
Qələbə rənginə dünyam boyanır.
Şuşada bir zəfər tonqalı yanır
Millətin yumruğa döndüyü andı
Qarabağ Azərbaycandır.

Eşq olsun! Müzəffər İlham oğula,
Mehriban xanımla girib qoluna.
Otuz il boylandı zəfər yoluna,
Vətən, gözün aydın o xoş zamandı
Qarabağ Azərbaycandır.

 GÜL MAYA FEYRUZQIZI – pressaz.az