Şair Mübariz Hüseyn Borçalı:”NEÇƏ YURDUN ADI QALIB, ÖZÜ YOX” – FOTO
NEÇƏ YURDUN ADI QALIB, ÖZÜ YOX
(Qələbəyə çağırış silsilısindən)
Neçə yurdun adı qalıb, özü yox
Zaman susur, tarix dözmür bu dərdə.
O dağlara türk ad qoyub, sözü yox
Danışılır yad dillərdə o yerdə.
Şəklə baxıb gül- çiçəyi mədh edən
Yazır, dağda milyondan çox rəng olar.
Sancılan ox, olmur qəlbi incidən
Düşünmürük yamaclarda cəng olar.
O qırçın qayalar, qarlı dağ başı
Yadlar ayağında tapdaq olubdu.
Kəndi tanıtdırır qəbir, baş daşı
Təbiət gülsə də həyat solubdu.
Keçmişdən deyirik ağız dolusu
Gələcək nəsillər bizdən nə desin
Qaytaraq obanı, yurdu, ulusu
Biz güc göstərək ki, düşmən baş əysin.
BAŞ ƏYİRƏM
Öz oğlunu şəhid verib qəmlənsə də
Məğrur duran mərd qadına, baş əyirəm.
Mətinliyim qürurumda cəmlənsə də
Şəhid vətən övladına baş əyirəm.
Şəhadətə cənnət qoynun açar din də,
Qeyrətli kəs can güdərək durmaz gendə.
Əldə silah önə çıxsa ağır gündə
Kim, çatarsa el dadına, baş əyirəm.
Mərd cəng edər babalar ad, sanı ilə
Sərhəd boyu sipər olar canı ilə
Torpaq üstə axıdılan qanı ilə
Tarix yazan ər adına, baş əyirəm.
Zəfər gələr igidin hərb, gur səsindən
Vurularaq yara alsa sinəsindən.
Mən razıyam son qanımı çəkin məndən
Çatın onun imdadına, baş əyirəm.
Baş əyirəm, cəbhədə mərd dayanana!
Baş əyirəm, qəlbdə qisas oyanana!
Baş əyirəm, vətən üçün hey yanana!
Baş əyirəm, dalğalanan bayrağıma!
Baş əyirəm, zəfər günü xoş çağıma!
QOYMARIQ Kİ, YURD BAŞ ƏYƏ
Matəm dolu hər gələnin
Bilin, sirli əsası var.
Qəzəb dolu ah, nalənin
Sonunda bir qisası var.
Vaxtlı, vaxtsız gedənlərin
Sızıldayan, həmdəmidi.
Canı fəda edənlərin,
Şəhidliyi, el qəmidi.
Göstərəcək sinə dağı,
Mərd oğullar sərhəd aşsa.
Eyləməzmi darmadağın?
Şir ürəkli ərən coşsa.
Babam quran istehkama
Dönəcəyik URA deyə!
Çatıb, inam verən kama
Qoymarıq ki, yurd baş əyə.
A DAĞLAR
Qəm çəkənə, gündüzlərdə gecədi.
Yurdu yenə can istəyir, a dağlar
Kaş görəydim mənsizliyin necədi?
Ümidim də qəribsəyir, a dağlar
Arzu qovub, ömrü ayrı salmışam,
Doğma məzar, yurda həsrət qalmışam,
Gözü yolda intizardan solmuşam
Dözmək olmur: – ürək deyir, a dağlar.
Dedim, xəyal çəhlimə iz aparsın.
Seyrəngahı görməyə göz aparsın.
Axmır çay da tərsinə, söz aparsın
Çarəsizlik qəddim əyir, a dağlar!
Uzaq düşdük yadlarmı oldu ağa?
Həsrət qaldıq o bostana, o bağa.
Kaman ipi tək uzanan qadağa
Atdığı ox qəlbə dəyir, a dağlar.
AN QƏDRİ BİLƏN OL
Ey insan! Özünə etdinmi, sual?
Gün nədən boş gedir, ömür üstəlik?
Anla ki, bir günə düşsə qara xal,
Böyüyüb illərə verər, xəstəlik.
Yaradılış olan bəzi varlığın,
Bir yaşam ömrünü, keçirdin əbəs.
Faydasız ötürsə bu ömür çağın
Haqqın özü səndən soruşmazmı bəs?
Dünyada xəlq olan canlı nə varsa
Anın da özündən, mənfəət güdər.
Tənbəllik, iş sevər hissi qovarsa
Tale üzə durub, ömrü incidər.
An qədri bilməyi etməsən adət,
Qəm olar, sevinci bəxtdən aparan.
Zülmət içində də tapar səadət,
Zamanın özündən vaxtı qoparan.
Pressaz.az