Şair Fazil Əsədin söz dünyasından…
SƏNİNLƏ SUSMAQ DA XOŞDU
Sevginlə həyatım dolu,
Sevgisiz dünyamız boşdu.
Səninlə danışmaq əla,
Səninlə susmaq da xoşdu.
Eləcə yanımda olsan,
Sanaram – yerim zirvədə.
Nə olar, “sən” adlı gülü,
Çiçəyi dərim zirvədə.
Zirvəyə çata bildimmi?
Gedirəm üzü enişə.
Biz yerdə, ruhumuz göydə,
Çata bilərik finişə?
Sən varsan, həyat gözəldi,
Sən yoxsan dünyamız boşdu…
Sənlə danışmaq bir yana,
Səninlə susmaq da xoşdu…
PAYIZ SEVGİSİ
Payızın nəfəsi gəldi yenə də,
Ağaclar soyundu, yarpaq üşüdü.
Baxıb ağacların bu halınaca,
Hər şeyi isidən torpaq üşüdü.
Yarpaqlar töküldü – saraldı, soldu,
Uçuşub hərəsi bir yana getdi.
Ağac gölgəsində sevgi gözləyən
İgidin ümidi gümana getdi .
Ağaclar belədi, yarpaqlar elə,
Beləcə qışadək uzandı payız.
Sevdilər,sevildi,özü də sevir…
…ta özünə sevgi qazandı payız.
MİNDİM QUŞ QANADINA
İnandım təmiz adıma,
Güvəndim pak inadıma.
Mindim bir quş qanadına,
Uçdum göylərə, göylərə…
Sərrast açılmış atəşəm,
Harayla, bəlkə, yetişəm…
…Parlaq alovlu günəşəm,
Saçdım göylərə, göylərə…
İşıqlandırdın yolumu,
Göylər sevgiylə dolumu?!…
Sevənlər kimi qolumu
Açdım göylərə, göylərə…
Sevinc, kədər bir üzündə,
Həddən çoxdu sirr üzündə.
Pislik görüb Yer üzündə,
Qaçdım göylərə, göylərə…
Pressaz.az