ŞAİR FAZİL ƏSƏD: YAXŞI ADAMLAR
YAXŞI ADAMLAR
Ruzusu ətirli, çörəyi çiçək,
Arzusu, istəyi, gərəyi çiçək.
Qəlbində bahardı…ürəyi çiçək,
Çiçəklər içində yaxşı adamlar.
Şərəfi, namusu, isməti təmiz ,
Qazandığı halal qisməti təmiz.
Əqidəsi safdır, xisləti təmiz ,
Gerçəklər içində yaxşı adamlar.
Bədxaha düşməndi, pisliyə qənim,
Yaxşılıq həyatım, imanım, dinim.
Yenə də göylərdən Yerəmi enim?
Göyçəklər içində yaxşı adamlar.
Dünyanı qoruyar, dünyanı elə,
Ürəklər atlanır, gələcək dilə…
Ala biləcəkmi dünyanı ələ ?
İşində – gücündə yaxşı adamlar.
İnamla yeriyir yenə sabaha ,
Həyatın mənası hər şeydən baha…
Başı daşa dəyib, aldanmaz daha,
Tanrı,bir biçimdə yaxşı adamlar !
Yaşayır içimdə yaxşı adamlar !..
ÜMİDİMİ YUMRUQLAYAN GÖZƏL QIZ
Ümidimi yumruqlayan, gözəl qız
Ümidlərim qaya kimi mətindi .
Ha çalışıb, ha vuruşsan,alınmaz,
Onu parça – parça etmək çətindi.
Məni vursan daha yaxşı olmazmı ?
Sənin mənim ümidimlə nə işin ?..
Ağlayanda gözlərin bulaq olur ,
…məni yaman sevindirir gülüşün.
Ümidim ay-ulduza qalıb daha ,
Yoluma işıq salan Ay olacaq .
Əllərini əlimə ala bilsəm ,
Bax bu mənə Tanrıdan pay olacaq…
Tanrı payı çox şirin olar deyirlər,
Ümidimi yumruqlama daha sən .
Gözlərimdə yaşıl ümid -bilirsən,
Gedəcəksən mənimlə sabaha sən…
Pressaz.az