Ruslan Mustafayev:” Mən elə bir yer istərəm”… VİDEO
“Mən elə bir yer istərəm…”
Mən elə bir yer istərəm
bu dünyada,
Orda riya, kin boğulsun
Haqqın dəmir əlləriylə.
Orda vəfa göylərindən
İnam yağsın, sülh doğulsun
Günəş kimi sarsın bizi telləriylə.
Mən elə bir yer istərəm
bu dünyada
dilbilməzlər dilə gəlib haqqı desin.
Mən elə bir yer istərəm
bu dünyada
Məsum çocuq ayaq altda inləməsin.
Mən elə bir yer istərəm
bu dünyada
Bülbüllərin şən nəğməsi valeh etsin
hər an bizi.
Mən elə bir yer istərəm
bu dünyada
qarğaların qarıltısı aparmasın
beynimizi.
Mən elə bir yer istərəm
bu dünyada
Yaxşı pisə qarışmasın.
Mən elə bir yer istərəm
bu dünyada
İnsan baxıb insanların arxasıyca
danışmasın.
Mən elə bir yer istərəm
bu dünyada
Dargözlüyün, xəbisliyin evi yansın
külə dönsün.
Orda küllər gülə dönsün.
Mən elə bir yer istərəm
bu dünyada
Mənəviyyat zənginləri əsəbindən
dil-dodağın çeynəməsin.
Mən elə bir yer istərəm
bu dünyada
Gözlərimiz yaşarmasın,
qəlblərimiz göynəməsin.
Mən elə bir yer istərəm
bu dünyada
Qoy orada
barış olsun, vəhdət olsun.
Mən elə bir yer istərəm
bu dünyada
Kaş orada
Böyüklərə hörmət olsun.
Mən elə bir yer istərəm
bu dünyada
Ah… Orada
sevgi olsun, şəfqət olsun.
Mən elə bir şey istərəm –
Bu dünyamız
başdan-başa cənnət olsun…
Mən, deyəsən, çox istədim
bəlkə, bir az az istəyim.
Mənə bəsdir az istəyim.
Bağışlayın, mən, deyəsən, yuxu gördüm.
Açdım artıq gözlərimi, yoxu gördüm!
Ruslan Mustafayev – media.info.az