Ruhiyyə Abbaszadə:”ZƏRİFƏ” (Hekayə)

ZƏRİFƏ.

(Hekayə)

O, nəzərlərini “Azərbayacan” qəzetinin səhifəsindən ayıra bilmirdi. Qəzetdən ona əsgər geyimli, sinəsi medallı, qarabəniz, sərt baxışları olan bir qız baxırdı.Qızın qəhrəmanlığı haqqında iri bir məqalə də dərc olunmuşdu qəzetdə. Gözü qəzetdə ola-ola onunla ilk tanışlığını xatırladı. 1992-ci ilin soyuq qış aylarından biri idi.Bu o zaman idi ki, ermənistan Azərbaycanla elan olunmamış müharibə aparırdı.Artıq ermənilər Xocalı şəhərini yerlə-yeksan etmiş, əhalisini isə qırıb çatmışdılar.O, əsəbləri tarıma çəkilmiş halda otaqda var-gəl edirdi.Birdən katibə qapının ağzında görünərək sakit səslə dedi:
-Yoldaş komissar, bir nəfər gəlib sizinlə görüşmək istəyir.
Komissar yorğun baxışlarıyla işarə etdi ki, “buyursun”.
Bir azdan otağa qarabəniz, saçları boynunun ardından vurulmuş, qısa boylu bir qız daxil oldu.Komissar əyləşmək üçün ona yer göstərsə də O oturmadı, elə yerindəcə dayanıb durdu.
-Eşidirəm sizi-deyə komissar səsini ucaltdı.
Qız titrək, bir az da həyəcanlı səslə dilləndi:
-Mən döyüşə getmək istəyirəm, yoldaş komissar.Xahiş edirəm məni cəbhəyə göndərəsiniz.
Komissar qızın bu sözlərini eşidəndə başını bulayıb xəfifcə gülümsündu.
-Sən anlayırsanmı, müharibə nə deməkdir, ay bala?!Ora məktəb bağçası deyil ha, gizlənpaç oynayasan.Yaxşısı budur, qayıt get evinizə, dərslərini oxu.
Komissarın bu sözləri qızın xoşuna gəlmədi.O, bir az əsəbi halda dilləndi:
-Mən uşaq-zad deyiləm, iyirmi dörd yaşım var. Məni döyüşə göndərməsəniz, özümü öldürəcəyəm!
Komissar bayaqdan məktəbli sandığı bu balacaboy qızdan bu boyda hikkə görəndə özünü bir az yığışdıdı:
-Ay bala, biz səni döyüş bölgəsinə göndərə bilmərik.Göndərsək də əldə-ayaqda it-bata düşərsən.
Qız yenə də inadkarlıq etdi:
-Nə olsun e, boyum balacadır, yəni orada mənimçün bir iş tapılmaz?! Heç olmasa yaralı əsgərlərə qulluq edərəm, onların yaraların sarıyaram.Yoldaş komissar, yəni bunları da bacarmaram?!
Zərifə danışdıqca onun düşmənə olan kin-küdurəti gözlərindən oxunurdu.Bir Azərbaycanlı övladı kimi O ermənilərin son vaxtlar törətdikləri vəhşiliklərin şahidi idi.Bilirdi ki, ermənilər vətənimizin torpaqlarını qarış-qarış işğal etdikcə hansı müsibətləri açırlar.Bunları hamısını Zərifə yaxşı dərk edirdi.Dərk etdikcə də, onun düşmənə olan qəzəbi, kini birə-min artırdı.Komissar Azərbaycanlı qızında bu qüdrəti, bu döyüşkənliyi gördükdə ürəyində sevindi də.Amma, fikirləşdi ki, yəqin bunlar hamısı ötəri hisslərdir, bir-iki güllə səsi eşidən kimi başqaları kimi O da qorxub qaçacaq.Gendən baxana döyüş asan görünür.
Elə həmin günün səhəri komissar Zərifə Mirzəzadəni başqa əsgərlərlə birlikdə döyüş bölgəsinə yola saldı.Günlər, həftələr gəlib keçdi.Komissar Zərifənin xidmət etdiyi döyüş bölgəsindən və onun özündən tez-tez xəbər tuturdu.Aldığı məlumatlar onu nə qədər sevindirsə də bəzi gənclərimizin ordudan yayınması xəbəri onu kədərləndiridi.Fikirləşirdi ki, nədəndir görəsən bir tikə qız xeylağı canından, qanından keçməyə hazırdır, amma bəzi bığıburma, qoluzorlu cavanlar başlarını kol-kosa soxub gizlənirlər.
Zərifənin qəhrəmanlığı bütün Azərbaycana yayılmışdı.Verilən məlumatlara görə Zərifə neçə-neçə düşmən əsgərini məhv etmiş, hərbi texnikasını vurub sıradan çıxartmışdı .Düşmənə qarşı amansız olan bu fədakar qız bir neçə dəfə də düşməni canlı olaraq əsir almışdı.
İndi komissar şəkilə baxdıqca olub-keçmişləri bir-bir xatırlayırdı.Qapının döyülməsi komissarı xəyaldan ayırdı.O, əlindəki qəzeti dörd qatlayıb hərbi gödəkçəsinin döş cibinə qoydu.Qapı açıldı, içəri ucaboylu, qoltuğunda kitab-dəftər olan bir adam girdi.
Komissar dərhal ayağa qalxıb gələn adamı qarşıladı:
-Mənim şair dostum Vüqarlı xoş gəlib, səfa gətirib.Görəsən gün hayandan çıxıb ki, biz də yada düşmüşük?- komissar gələn adamla qucaqlaşıb görüşdü. -Darıxmışdım, dedim bir sənə baş çəkim, görüm köhnə dostum nə edir, necədir-deyə Vüqarlı dilləndi.
-Elə mən də səni görmək istəyirdim.Bayaq fikirləşirdim ki, balam, bu Vüqarlı qardaşım görəsən haralarda itib-batıb.
Sonra komissar ona yer göstərib soruşdu:
-Hə, şair, təzə nəyin var, nə yazırsan, nə pozursan?!
Vüqarlı kitab-dəftərini stolun üstünə qoyub, cibindən təzə yazdığı şeiri komissara uzatdı:
-Rayonumuza baş ucalığı gətirən qəhrəman qızımız Zərifə Mirzəzadəyə həsr etmişəm.Bilirsən, ermənilərə necə qan uddurur, bu zalım balası?.İgidliyi bütün Azərbaycana yayılıb.Nə təhər olur siz eşitməmisiniz?!-deyə Vüqarlı qəsdən belə deyib özünü dartdı.
-Necə?! Zərifə haqqında?! O ki, bizim fəxrimizdir.Bir oxuyaq görək nə yazmısan?
Komissar həvəslə şeiri oxumağa başladı.Amma şeirin bir yerinə çatanda özünü gülməkdən zorla saxladı.Şeirin bu yerində Zərifə ucaboylu, dolu bədənli bir qız kimi qələmə verilmişdi.
Komissar gülərək şair dostundan soruşdu:
-Sən heç bircə dəfə də olsun Zərifə xanımı görmüsən?!
-Yoox-deyə Vüqarlı dilləndi.
Elə bu vaxt telefon cingildədi.
Komissar dəstəyi qulağına yaxınlaşdıran kimi çöhrəsini sevinc bürüdü.
-Salam, Zərifə xanım, rayona nə vaxt gəlmisiniz?!Bu nə sözdür, nə vaxt gəlmək istəsəz buyura bilərsiniz.Canım yarım saat nədir, lap bütün günü sizə vaxt ayırmaq olar.Təki siz gələsiniz.Buyurun,gözləyirəm!
Dəstəyi yerinə qoyduqdan sonra Vüqarlıya:
-Bəxtin gətirib, bir işin yoxdursa bir az gözlə, Zərifə xanım şəxsən özü təşrif buyuracaq.Görüşüb tanış olarsınız.
Bir azdan Zərifə gəlib çıxdı.Hərbi formada idi.Komissar irəli yeriyib doğma balası kimi onu bağrına basdı və:-halal olsun sənə bu torpağın çörəyi-deyərək onu təriflədi.-sən bizim başımızı uca elədin Zərifə, əhsən sənə!
Sonra O, geri dönüb Zərifəni Vüqarlıya təqdim etdi.Vüqarlının sifəti pörtmüşdü.O, nə qədər çalışsa da dilinə gələn sözləri uda bilmədi:
-Doğrusu, Zərifə xanım, mən sizi ayrı cür təsəvvür edirdim.Uca boylu, belə…
Dostunun yersiz sözlərinin Zərifənin ürəyinə toxuna biləcəyindən ehtiyat edən hərbi komissar araya söz qatmağa çalışdı.
Amma Zərifə də Zərifə idi ha.O, şairin sözlərini alıcı quş kimi elə göydəcə qamarladı:
-Hörmətli şair, siz qəhrəmanlığı, mərdliyi nahaq yerə boy-buxunla ölçürsünüz.Boy-buxuna qalanda bizim bəzi iri gövdəli, “şirbiləkli” cavanlarımız vətənin bu dar günündə baş götürüb başqa-başqa ölkələrə qaçırlar.Belələrinə niyə öz sözünüzü demirsiniz?! Vətəni sevmək üçün ucaboy, enlikürək olmaq lazım deyil, elə bir balaca qeyrətin olsa kifayətdir.
Komissar əsəbdən titrəyən qızın halını görcək dostunu məzəmmətlədi:
-Zərifə xanım, haqlıdır.Mən ilk dəfə Zərifəni Qarabağ döyüşlərinə yola salanda bir daha tam əmin oldum ki, doğrudan da “aslanın erkəyi dişisi olmurmuş”.Sən gəl Zərifənin sözlərindən incimə.O müharibənin neçə-neçə dəhşətli anlarını yaşayıb, neçə yol ölümlə üzbəüz qalıb.Cəbhədə döyüşçü dostlarını göz görə-görə itirmək sənə elə də asan görünməsin.
Vüqarlı pörtüb qalmışdı.Çırtma vursaydın qanı çıxardı.O, indi-indi səhvini anlayırdı.Anlayırdı ki, bir tikə qız səngərlərdə düşmənlə üzbəüz qalıb vuruşub, qəhrəmanlıq göstərib, mən isə kişi ola-ola cəbhədən xeyli aralıda, sakit bir yerdə oturub onun haqqında əməlli-başlı bir şey də yaza bilməmişəm.Məgər mən gedib döyüşlərin qaynar nöqtəsində Zərifəylə tanış olub onun qəhrəmanlığından bir şey yaza bilməzdimmi?!Doğru sözə nə deyəsən, mən də özümə şair deyirəm.Məddahlıq edirəm, ona-buna yaltaqlanıram ki, bəlkə mənə dilənçi payı verələr.Əsl şairlərin də adını biabır edirik…
Vüqarlı utandığından komissarla da sağollaşmayıb otaqdan çıxdı…
Zərifə hərbi komissara cəbhə xatirələrindən danışırdı.

 

Şair, yazar Ruhiyyə Abbaszadə