Ruhiyyə Abbaszadə:”DÜNYA” – VİDEO

           DÜNYA

Bu yer üzündə hamıdan
Məni fağır bilən dünya.
Çəkdiyim aşkar dərdlərə
Gizli-gizli gülən dünya.

Verdin gülünü kimlərə,
Sağın tikan, solun dərə.
Ağ bəxt yazıb namərdlərə,
Yaxşıları silən dünya.

Hardadı dost, hanı sirdaş
Zaman kimi ömür də çaş.
Ayağımı əzibdir daş
Yox qəmimi bölən, dünya.

Gör necə dəyişmiş halın,
Zəhərə qatılır balın.
Keçmir sözü ağsaqqalın,
Ələkdən keç, ələn, dünya

Bir kürəsən, yanar kürə,
Oxşayırsan gen qəbirə.
Məni öldürə-öldürə,
Gözlərimdə ölən dünya.

Ruhiyyə Abbaszadə – Media.info.az