Revanşist qüvvələrə vacib mesaj – FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlatdı. Prezident İlham Əliyev vurğuladı ki, tarixi Qars müqaviləsinin imzalanmasından düz yüz il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin rəmzi mənası vardır və bu sənəd bizim gələcək işbirliyimizin istiqamətini göstərir. 1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Ona gərə də Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur. Bu bəyannamə ilə regionda yeni geosiyasi konfiqurasiya yarandı. Saziş hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluq-qardaşlığının daha bir nümunəsi, təsdiqi ilə yanaşı, eyni zamanda İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallığın dünyaya nümayişi və bu reallığın qəbul edilməsinin zəruri olduğunun mesajı idi. Sözügedən tarixi sənədlə həmçinin, hər kəsə bildirilirdi ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sülhün və təhlükəsizliyin qorunmasının zəmanətçisi məhz qardaş Türkiyədir. Təsadüfi deyil ki, sənəddə də bu barədə açıq şəkildə qeyd olunur ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birilərinə hərbi-siyasi dəstək verəcəklər. Vətən müharibəsindən keçən qısa müddət ərzində iki qardaş ölkə arasında belə bir tarixi sənədin imzalanması həm də Ermənistanda müharibədən sonra baş qaldıran revanşist qüvvələrə verilən dərs idi.
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi bu vaxta qədər iki qardaş ölkə arasında bütün sahələrdə həyata keçirilən birgə əməkdaşlığı, işbirliyini ən yüksək müstəviyə daşıdı. Siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində fəaliyyətlərin təşviq edilməsi birgə milli mənafelər baxımından xüsusi əhəmiyyətə malikdir. Dünyada çox dövlətlər var ki, bir-biri ilə yaxın strateji müttəfiqdirlər, lakin Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq münasibətləri nadir bir müttəfiqlik nümunəsidir desək, səhv etmərik. Bu da təsadüfi deyil. Çünki bu münasibətlərin tarixi qədim köklərə dayanır. İki qardaş, dost ölkəni birləşdirən saysız-hesabsız mənəvi bağlar, çox mühüm amillər var. Mədəniyyətimiz, adət-ənənələrimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz o qədər bir-birinə yaxın, bağlıdır ki, bu bağlar tarixin ən çətin sınaqlarında belə qopmadı. Sovetlər dönəmində aramıza çəkilən dəmir pərdələr də Azərbaycan-Türkiyə sevgisinin önünə keçə bilmədi. Bu sevgi bir-birimizə olan qardaşlığı, təəssübkeşliyi təmin etdi. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamının, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzalanma mərasimi zamanı dediyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” mesajının ifadə etdiyi Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə yeni, daha parlaq bir mərhələyə qədəm qoydu.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Gününə – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi tərəflərin öz istiqlalını və ərazi bütövlüyünü qardaş millət kimi eyni dərəcədə yüksək və toxunulmaz olaraq dəyərləndirmək baxımından 100 illik siyasi tarixin əvəzi olmayan müqaviləsidir. Şuşa Bəyannaməsi Zəfər savaşında Azərbaycanın haqq davasının yanında olan Türkiyə ilə münasibətlərin real ittifaq halında ifadəsi ilə yanaşı, həm də Türk dünyasının birliyi üçün də müstəsna əhəmiyyətə malik bir sənəd oldu.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.