Ramin İsayevin iqlim dəyişmələri mövzusunda yeni kitabı nəşr edilib – FOTO

Məsuliyyətli COP 29 tədbirinin keçirilməsinə paytaxt Bakının ev sahibliyi başladığı gün, bu mövzu ilə bağlı Ramin İsayevin qələmə aldığı “İqlim dəyişikliyi. Mif və reallıq. Elm və əməkdaşlıq dünyanı xilas edəcək” adlı yeni kitabı işıq üzü görüb.
Yüksək səviyyədə və anlaşılan səlis üslubda yazılan qlobal mövzulu bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Tam əminik ki, dünya ərazisinin hidrometeoroloji şəraitinin, iqlim dəyişmələrinin, baş verən təhlükəli hidrometeoroloji hadisələrin təhlilinə həsr olunan nəfis tərtibatlı bu yeni kitab, ictimai-siyasi mövqeyindən, işindən və vəzifəsindən asılı olmayaraq, hər kəsin marağına səbəb olacaq. Çünki əsərdəki bütün təhlillər önəmli məlumatlar əsasında yerinə yetirilib. Qeyd edək ki, kitab alim və mütəxəssislərin, bakalavr, doktorant və magistrantların, müxtəlif elmi-tədqiqat, dissertasiya işlərinin yerinə yetirilməsində sərfəli praktik mənbə rolunu da oynaya bilər.
Bildirmək istəyirik ki, kitab barəsində televiziyalarda da danışılıb. Həmin video-görüntülərdən birinin linkini yazının sonunda dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Media.info.az xəbər verir ki, Ramin İsayev dünyanın ən nüfuzlu ali təhsil müəssisəsi kimi tanıdığımız Amerikanın Harvard Universitetində ali təhsilini başa vurduqdan sonra, beynəlxalq aləmdə tanınan nüfuz sahibi bir sıra neft qurumlarında müxtəlif vəzifələrdə, 12 il 6 ay isə, özünün qurub-yaratdığı “SOCAR — AQŞ” MMC-nin Baş direktoru vəzifəsində çalışıb. Yalnız onu demək kifayətdir ki, istedad və bacariğı sayəsində bu qurumun adını dünya səviyyəli müəssisələr sırasına qaldıra bilib.
Doğma Vətən, xalq və millət təəssübkeşi kimi nümunə göstərilən bu soydaşımız neft-qaz sənayesi sahəsinin hərtərəfli inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə, möhtərəm Prezidentin imzaladığı Sərəncam əsasında “Tərəqqi” medalı ilə təltif edilib. Eyni zamanda, Yeni Azərbaycan Patriyasının üzvü kimi, dövlət başçısının şəxsi göstərişi ilə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü təyin edilib. Onun uğurlarını saymaqla qurtaran deyil. Bunun sübutu kimi, yalnız bunları demək kifayətdir ki, o, mərhum Prezidentimiz Heydər Əliyevin özü barəsində yazılan və onun özünün yazdığı Neft Strategiyası mövzulu 3 kitabı Azərbaycan dilindən ingilis dilinə tərcümə edib. Üstəlik, dünya fikir liderləri ilə birlikdə ən öncül tədqiqat layihələrinin həyata keçirilməsində iştirak edib. Qlobal iqlim Dəyişikliyi, Bərpaolunan Enerji, Yaşıl İqtisadi Artım və Süni Zəka texnologiyaları sahəsində ən öncül sırada dayanan azərbaycanlı kimi fəxrimizdir.